Moskvada Beynəlxalq Çexov Teatr Festivalı başlayıb

Moskvada Beynəlxalq Çexov Teatr Festivalı başlayıb Festival iyulun 17-dək davam edəcək
İncəsənət
14 May , 2015 14:17
Moskvada Beynəlxalq Çexov Teatr Festivalı başlayıb

Bakı. 14 may. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada Çexov adına Beynəlxalq Teatr Festivalının açılışı olub. "Report" xəbər verir ki, 12-ci dəfə təşkil olunan nüfuzlu tədbir iki ay davam edəcək.

Bu müddətdə tamaşaçılara 12 ölkəni təmsil edən teatrların ifasında 19 tamaşa nümayiş etdiriləcək. 

İlk olaraq Fransa teatrının tamaşası göstəriləcək. Parisin "Buff dyu Nor" Teatrı "Meşşanın zadəganlığı" əsəri ilə mayın 14, 15 və 16-da Moskvanın Mossovet Teatrının səhnəsində çıxış edəcək. Festivalda ilk dəfə olaraq Cənubi Afrika Respublikasının teatr truppası da iştirak edəcək. 

Həmçinin festivalda məşhur komediya aktyoru Çarli Çaplinin nəvəsi, tanınmış şair, kloun, akrobat və mim Ceyms Tiere iştirak edəcək. Onun iştirakı ilə "Qırmızı tütün" adlı xoredrama nümayiş etdiriləcək. Qeyd edək ki, Çarli Çaplinin nəvəsi artıq üçüncü dəfədir Çexov festivalında çıxış edir.

Beynəlxalq Çexov teatr festivalında dünya şöhrətli balerina Silvi Gellem da səhnəyə çıxacaq. Qeyd edək ki, bu tamaşa Silvi Gellemin iştirakı ilə son tamaşa olacaq. Belə ki, məşhur balerina Çexov festivalındakı çıxışı ilə balet səhnəsindən ayrılır. Məşhur balerinanın vida çıxışı iyunun 24, 25 və 26-da nümayiş etdiriləcək.

Çexov Festivalı Rusiyada keçirilən ən nüfuzlu teatr festivalıdır. Ötən illərdə Azərbaycanı Çexov Festivalında təmsil edən teatrlarımız olub. Buna misal olaraq, Akademik Milli Dram Teatrını göstərmək olar. Milli Dram Teatrı sonuncu dəfə Çexov adına beynəlxalq teatr festivalına Şeksprin "Kral Lir" tamaşası ilə qatılıb. Uzun illərdən sonra növbəti dəfə Azərbaycanın hansı teatrının bu festivalda çıxış edəcəyi ilə maraqlandıq. 

Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova "Report" a açıqlamasında bildirdi ki, bu il Azərbaycanı təmsil edən hər hansı bir teatr Çexov festivalında çıxış etmir: "Amma iki gənc rejissorumuz Əlif Cahangirli və Anar Sadıqov iyunun 19-dan 26-dək Moskvada keçiriləcək "Gənc rejissorların laboratoriyası" nda ustad-dərslərə qatılacaqlar. Gənc rejissorlarımız ustad dərsləri çərçivəsində Çexov festivalında izləyici kimi iştirak edəcəklər."

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovla əlaqə saxladıq. Vüqar Şıxəmmədov bildirdi ki, bu il adıçəkilən festivalda Azərbaycanı heç bir teatr təmsil etməyəcək.

Festival iyulun 17-də başa çatacaq.  

Son xəbərlər

Orphus sistemi