"Möhtəşəm Yüzil"in Sultan Süleymanı Bakıya gəlir

"Möhtəşəm Yüzil"in Sultan Süleymanı Bakıya gəlir Məşhur aktyor "Əli və Nino" filmində rol alıb
İncəsənət
4 Mart , 2015 17:05
Möhtəşəm Yüzilin Sultan Süleymanı Bakıya gəlir

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru, tamaşaçıların Sultan Süleyman obrazı ilə sevdikləri Halit Ergenc Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino" filminin çəkilişləri üçün Bakıya gəlir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Fevralın sonundan çəkilişlərinə başlanılan "Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Qeyd edək ki, filmin Bakı çəkilişlərindən sonrakı kadrlar İstanbulda ekranlaşdırılacaq. Çəkilişlərin 11 həftə ərzində başa çatması gözlənilir.

Türkiyəli jurnalistlərə İstanbul hava limanında müsahibə verən Halit Ergencin yeni imici hər kəsi çaşdırıb. "Möhtəşəm Yüzil" serialı bitdikdən sonra uzun saqqalını kəsdirən aktyor "Əli və Nino" filmi üçün başını ülgüclə qırxdırıb.

Halit Ergenc "Əli və Nino" filmində Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin obrazını canlandıracaq.

Filmdə əsas rolları Adam Bakri və Marie Valverde ifa edəcək.  

Xarici rejissorun ekranlaşdırdığı filmdə maraqlı aktyor ansamblı toplanıb. "Əli və Nino"nun aktyorları arasında Konni Nilsen, Mendi Patinkin, Humayun Ərşadi, Halit Ergenc, Fəxrəddin Manafov, Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev və başqalarının adları var.  

Filmdə Hacı Zeynalabdin Tağıyev obrazını xalq artisti Fəxrəddin Manafov ifa edəcək.

Qeyd edək ki, filmin çəkilişləri İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılır.

Son xəbərlər

Orphus sistemi