İlk Məcnunun vəfatından 70 il ötür

İlk Məcnunun vəfatından 70 il ötür Hüseynqulu Sarabski ömrünün son günlərinədək oxuyub və Məcnun obrazının əsl aşiqi olub
İncəsənət
2 Fevral , 2015 14:38
İlk Məcnunun vəfatından 70 il ötür

Bakı. 2 Fevral. REPORT/AZ Görkəmli opera müğənnisi, Azərbaycanın xalq artisti, rejissor, pedaqoq Hüseynqulu Sarabskinin vəfatının 70-ci ildönümüdür.

"Report" xatırladır ki, Sarabski təxəllüsü ilə tanınan Hüseynqulu Rzayev 1879-cu il martın 20-də Bakıda anadan olub.

Hüseynqulu Sarabski Azərbaycanın professional opera müğənnisidir. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olub.

Hüseynqulu Sarabski dahi Üzeyir bəy Hacıbəylinin yazdığı, Şərqin ilk operası olan "Leyli və Məcnun" tamaşasında ilk dəfə Məcnun rolunu ifa edib. Qüdrətli sənətkar xatirələrində yazır ki, uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib.

12 yaşı olarkən Hüseynqulu ilk dəfə həvəskarların ifasında "Xan Sarabi" adı ilə səhnəyə qoyulmuş M.F.Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyasına tamaşa edir.

Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın əks sədası olur.

Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının rolu böyük olub.

Hüseynqulu Sarabski ömrünün son günlərinədək oxuyub və Məcnun obrazının əsl aşiqi olub.

1945-ci il fevralın 2-də ömrünün son günündə aktrisa Həqiqət Rzayevanı və tarzən Qurban Primovu evinə dəvət edərək, onlardan xahiş edir ki, "Leyli və Məcnun"dan bir parçanı ifa etsinlər. Son dəfə "Leyli və Məcnun"dan bir parçaya qulaq asan H.Sarabski dünyadan Məcnun kimi köçür. 

Son xəbərlər

Orphus sistemi