Lənkəran Teatrı Bakıda "Ruhlar" tamaşasını nümayiş etdirib

Lənkəran Teatrı Bakıda "Ruhlar" tamaşasını nümayiş etdirib Səhnə əsərinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də tamaşa edib
İncəsənət
5 May , 2016 18:13
Lənkəran Teatrı Bakıda Ruhlar tamaşasını nümayiş etdirib

Bakı. 5 may. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlib. "Report" xəbər verir ki, Lənkəran Teatrının Bakı tamaşaçılarına təqdim etdiyi ilk tamaşa İtaliya neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanmış “Ruhlar” tamaşası olub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən “Ruhlar” tamaşasının quruluşçu rejissoru, Lənkəran Teatrının baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov və başqaları ifa edirlər.

Eduardo de Filipponun "Ruhlar" əsəri cəmiyyətdəki eybəcərlikləri tamaşaçıya obrazların dili ilə açıb, təqdim edir. Əsərdə insanların imkansızlığı, iqtisadi çətinliklərin gətirdiyi bəlalardan söz açılır.

Tamaşanın nümayişindən əvvəl Lənkəran Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov deyib ki, sonuncu dəfə paytaxt tamaşaçıları qarşısında 7 il əvvəl çıxış ediblər: "Bakıya gəlməyimizə çox şadıq. Sonuncu dəfə Bakı tamaşaçıları qarşısnda 7-8 il əvvəl çıxış etmişdik. Elə bu teatrın səhnəsində "Ləyaqət" tamaşasını oynamışdıq. Yenidən Bakıya gəlişim çox yaxşıdır. Ümumiyyətlə, imkan, şərait yaransa, tez-tez gəlmək, tamaşalarımızı nümayiş etdirmək çox yaxşıdır"

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev növbəti ildə də,yeni tamaşalarla Bakıya gəlmək istədiklərini bildirib: "Lənkəran Teatrı bir neçə xarici qastrol səfərlərinə hazırlaşır. Amma imkan yaranan kimi, yenidən Bakıya gəlmək və yeni tamaşalarımızı sizlərə təqdim etmək istəyirik. Bakıda dostlarımız var, onlarla görüşmək bizim üçün çox xoşdur. Yəqin ki, növbəti gəlişimiz 2017-ci ilə təsadüf edəcək". 

Qeyd edək ki, tamaşanın nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı Hadı Rəcəbli olmaqla, Azərbaycanın tanınmış mədəniyyət və teatr xadimləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi