"Lahıc" sənədli filmi Polşada mükafata layiq görülüb

"Lahıc" sənədli filmi Polşada mükafata layiq görülüb "Azanfilm" studiyasının filmi "ən yaxşı sənədli film" mükafatını qazanıb
İncəsənət
22 İyun , 2015 15:46
Lahıc sənədli filmi Polşada mükafata layiq görülüb

Bakı.22 iyun. REPORT.AZ/ "Azanfilm" studiyasının filmi növbəti mükafata layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

2014-cü ildə "Azanfilm" studiyasında istehsal olunan "Lahıc" sənədli filmi Polşanın Varşava şəhərində keçirilən 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında (10th FilmAT Film, Art & Tourism Festival) iştirak edib və mükafata layiq görülüb.

Festivalın Münsiflər Heyətinin üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərdir. Festivalın Münsiflər Heyətinin sədri, Oskar mükafatı laureatı Zbiqnev Zmudskidir.
Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib.

"Art" nominasiyasında mükafat Avstriya istehsalı olan "Yeni imperial tarix - gələcəyin xatirələri" ("A New Imperial History - Memories are the Future") filminə, "Turizm" nominasiyasında baş mükafat İsveç istehsalı olan "Zaman" ("Time") və Belçika istehsalı olan "Bu, ancaq Gentdə baş verə bilər" ("Could only happen in Gent") filmlərinə təqdim edilib.

"Ekologiya" nominasiyasında baş mükafat Çexiya istehsalı "Papua Yeni Qvineyaya qaçış" ("Escape to Papua New Guinea") filminə təqdim edilib. Festivalın ən önəmli mükafatlarından olan "ən yaxşı sənədli film" mükafatı "Azanfilm" studiyasının istehsalı olan "Lahıc" filminə təqdim olunub.

Qeyd edək ki, 2014-cü ildə "Azanfilm" studiyasında istehsal olunan "Lahıc" 23 dəqiqəlik sənədli filminin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir.

Sənədli filmin çəkilişləri İsmayıllı rayonunun Lahıc qəsəbəsində aparılıb. Filmdə bu qəsəbənin qədim tarixi fonunda yerli əhalinin gündəlik yaşayış tərzi, sənətkarların gərgin və qiymətli əməyi, qəsəbənin turistlər tərəfindən heyranlıqla ziyarəti rusiyalı rejissorun gözündən müşahidə üslubunda lentə alınıb.

Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.

Son xəbərlər

Orphus sistemi