Kukla Teatrı “YouTube”səhifəsini internet istifadəçilərinin ixtiyarına verib

Kukla Teatrı “YouTube”səhifəsini internet istifadəçilərinin ixtiyarına verib Teatrda iki tamaşanın məşqləri gedir
İncəsənət
1 Sentyabr , 2016 21:00
Kukla Teatrı “YouTube”səhifəsini internet istifadəçilərinin ixtiyarına verib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır.

"Report" xəbər verir ki, sentyabrın 1-də teatrda keçirilən iclasda yeni mövsüm, hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olunub.

Teatrın direktoru Rəşad Əhmədzadə ötən mövsümün uğurlu tamaşa və qastrol səfərlərindən, müxtəlif festivallardan söz açıb. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ölkə teatrları arasında bir ilkə daha imza ataraq teatrın “YouTube”səhifəsini internet istifadəçilərinin ixtiyarına verib.

Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini deyən R. Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını bildirib.

İlk olaraq Abdulla Şaiqin "Tıq-tıq xanım" pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi "Tıq-tıq və Taq-taqın nağılı" daha sonra isə Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” tamaşaları (rus dilində) nümayiş olunacaq.

Kukla Teatrı sentyabrın 15-dən 24-dək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da, təmsil olunacaq. Teatr burada son uğurlu səhnə nümunələrindən olan “Zəng” adlı mono tamaşa ilə iştirak edəcək.

Rəşad Əhmədzadə ilin sonunadək teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş. Perronun“Qırmızıpapaq” və rejissor Anar Məmmədovun quruluşunda S. Sveyqin “Yad qadının məktubu” əsəri əsasında “Unudulmuş kukla” adlı mono tamaşanın təqdim olunacağı bildirib. Hazırda teatrda hər iki tamaşanın məşqləri gedir.

Direktor çıxışının sonunda son vaxtlar səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan teatrın aktyoru Rəhim Rəhimovla da bağlı məlumat verib. Heydər Əliyev Fondunun aktyorun müalicəsinə dəstək verdiyi bir daha vurğulanıb.

Aktyor Rəhim Rəhimov isə onun müalicə məsələlərinə dəstək verən hər kəsə təşəkkür edib.

Teatrın baş rejissoru Qurban Məsimov da yeni mövsümün məhsuldar olması üçün qarşıda duran vəzifələrdən danışıb və yaradıcı kollektivə yeni sənət uğurları arzulayıb. 

Son xəbərlər

Orphus sistemi