“Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçiriləcək

“Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçiriləcək Tədbir fevralın 12-də Azərbaycan Xalça Muzeyində olacaq
İncəsənət
10 Fevral , 2016 18:34
“Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 12-də Azərbaycan Xalça Muzeyində “Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünas alim Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi ilə əlaqədar “Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Azərbaycanın ipək xalçaları "Kitabi-Dədə Qorqud" dastanında, Əbül Üla Gəncəvinin, Nizami Gəncəvinin, Xaqaninin və bir çox xarici rəssamların, şairlərin əsərlərində tərənnüm olunub.

“Dədə-Qorqud" dastanının boyları “Qam Ğan oğlu Xan Bayandır yerindən durmuşdur. Qara yerin üstünə ağ ban evin tikdirmişdi.. Bin yerdə ipək xalçası döşənmişdi” deyə başlayır.

Azərbaycanı və yaxın türk coğrafiyasını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında Oğuz türklərinin döv­lət və ordu quruluşundan, hərbi-döyüş sis­te­mindən, ailə-əx­laq-tərbiyə qaydalarından bəhs edilir.

Dilimizin bugünkü əsas lüğət fondu və qrammatik quruluşu da Dədə-Qorqud dastanında təsdiqlənir. 1815-ci ildə eposun Basatın Təpəgözü öldürdüyü boyunu nəşr etdirən Ditsin tədqiqatlarına görə Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcıdır. Bu fakt “Kitabi-Dədə Qorqud”un daha qədimlərdən gəldiyi barədə ən doğru təsəvvür yaradır. Soy dastanımızın 6 boydan, 98 səhifədən ibarət nüsxəsini isə İtalyan şərqşünası Ettore Rossi Vatikan kitabxanasından taparaq üzə çıxarıb.

Bəşəriyyət misli görünməmiş mutasiyalara, sürətli keçidlərə uyğunlaşmağa məcburdur. Belə bir mühitdə milli mədəniyyəti, dəyərləri qorumaq cəsarət tələb edir. Bu baxımdan xalqımızın əvəzsiz sənət nümunələrini, milli irsini, mənəvi dəyərlərini qorumağı, nümayiş və təbliğ etməyi, gələcəyə çatdırmağı qarşısına məqsəd qoyan Azərbaycan Xalça Muzeyi ənənəsinə sadiq qalaraq, Oğuz türklərinin ilk yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun yaşadılmasına və öyrənilməsinə də eyni həssaslıqla yanaşır.

Muzeyin 3-cü mərtəbəsində keçiriləcək sərgi-tədbir çərçivəsində görkəmli alim və tədqiqatçıların mövzu ətrafında çıxışları, eyni zamanda Dədə-Qorqud personajının çadır önündə teatrlaşdırılmış kompozisiyası, saz musiqisi və qədim musiqi alətlərinin ifasında çıxışlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi