Bakı. 23 avqust. REPORT.AZ/ Sentyabrın 23-25-də İstanbulda Türk Dünyası Film Festivalı çərçivəsində “Türk Kültürü ve Türk’ün Dünyaya Bakış Açısı”mövzusunda Sənədli Filmlər Müsabiqəsi keçiriləcək.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Dünyası Film Festivalının təşkilatçısı Dünya Jurnalistlər Federasiyasıdır.
“Türk Kültürü ve Türk’ün Dünyaya Bakış Açısı”mövzusunda sənədli filmlər müsabiqəsinə təqdim edilən sənədli filmlərin seçilməsi xüsusi komissiyaya tapşırılıb.
Müsabiqənin şərtlərinə görə, sentyabrın 23-24-də təşkil ediləcək festivala təqdim edilən sənədli filmlərin tam siyahısı sentyabrın 9-da bəlli olacaq.
Sentyabrın 23-də mükafatlandırılan filmlərin adları məlum olacaq. Sənədli filmlərin geniş tamaşaçı kütləsi üçün nümayişi isə sentyabrın 24-də baş tutacaq. Mükafat alan və nümayişinə izin verilən filmlər oktyabrın 7-8-də Bakıda və Şəkidə, oktyabrın 17-18-də Nigdədə, oktyabrın 28-29-da isə Almatıda tamaşaçılara təqdim olunacaq.
Həmçinin filmlərin nümayiş müddətində konfranslar, panel iclasları təşkil ediləcək. Sənədli filmlərin yaradıcı qrupları ilə görüş keçiriləcək.
Sonda Türk Dünyası Sənədli Film Festivalında dərəcə alan filmlərin rejissorlarına pul mükafatları təqdim ediləcək.