“İçəri Şəhər” filmi tamaşaçılara təqdim olunub - FOTO

“İçəri Şəhər” filmi tamaşaçılara təqdim olunub - FOTO Filmin rejissoru İlqar Safatın rus dilində çıxışı etiraza səbəb olub
İncəsənət
1 Mart , 2016 20:03
“İçəri Şəhər” filmi tamaşaçılara təqdim olunub - FOTO

Bakı. 1 mart. REPORT.AZ/ Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri Şəhər” tammetrajlı bədii filminin təqdimat mərasimi keçirilib.

“Report" xəbər verir ki, filmin nümayişindən əvvəl aktyorlar və yaradıcı heyət media nümayəndələrinin suallarını cavablandırıb. Əməkdar artist Mehriban Zəki filmin maraqlı olduğunu söyləyib: "İçəri Şəhər" filmi ruhumuzun iç şəhəri, içimizdə qalan şəhərdir". 

Daha sonra aktyorlar səhnəyə dəvət edilib.

Filmin rejissoru İlqar Safatın rus dilində çıxışı etiraza səbəb olub. Belə ki, İlqar Safata tamaşaçılar arasından "Azərbaycan dilində danış, sən Azərbaycanda yaşayırsan" deyə etiraz edilib. Ancaq bununla belə, kinorejissor öz fikrini rus dilində diqqətə çatdırıb. 

Xalq artisti Elmira Şabanova deyib ki, Azərbaycanda çox az və istedadlı rejissorlar var: "Əsas o deyil ki, hansı dildə danışırsan, əsas odur ki, millətin üçün, kino üçün nə etmisən".

Çıxışlar yekunlaşdıqdan sonra film nümayiş etdirilib. 

Xatırladaq ki, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Son xəbərlər

Orphus sistemi