Hazırladığı tamaşa ilə Səməd Vurğunu qəzəbdən qurtaran dahi - ÖMRÜN PƏRDƏARXASI

Hazırladığı tamaşa ilə Səməd Vurğunu qəzəbdən qurtaran dahi - ÖMRÜN PƏRDƏARXASI Tamaşadan sonra Mircəfər Bağırov onu bağrına basıb təbrik edir, tamaşanı bəyəndiyini deyir
İncəsənət
2 Fevral , 2015 11:18
Hazırladığı tamaşa ilə Səməd Vurğunu qəzəbdən qurtaran dahi - ÖMRÜN PƏRDƏARXASI

Bakı. 30 yanvar. REPORT.AZ/ Onun adı çəkiləndə gözlərim önünə Kərbəlayi İsmayıl gəlir. Kərbəlayi İsmayılın zəhmli xarici görünüşü, amiranə səsi, haqqı-nahaqqa verməyən bütöv xarakteri. Bir sözlə əsl kişi obrazı...

"Ömrün Pərdəarxası"nda bu dəfə Azərbaycan teatrı və kinosunun unudulmaz sənətkarı, böyük rejissor, əvəzedilməz aktyor, uzun illər Akademik Milli Dram Teatrına və "Azərbaycanfilm" Kinostudiyasına şərəflə rəhbərlik etmiş, hər kəsin ehtiramla xatırladığı Ədil İsgəndərovu yad edirik.

Ədil İsgəndərov haqqında xatirələri görkəmli sənətkarın doğma oğlu qədər sevdiyi qardaşı oğlu Elxan İsgəndərov bizimlə bölüşür.

- Elxan müəllim, ilk olaraq Ədil müəllimin ad və soyadını dəqiq səsləndirə bilərsiz? Hər mənbədə bir cür yazılır. Ədil yoxsa Adil?

- Bu məsələdən başlamağımız yerinə düşdü. Əmimin əsl adı Ədildir. Ədil İsgəndərbəyli. 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Biz bəy nəsliyik,

Gəncədə 4 kəndimiz var idi. Ədilin atasının adı Rza bəy olub. Babasının adı Rəhim bəy, onun da atasının adı İsgəndər bəy. Nənəm də bəy qızı, bəy arvadı idi. Nənəm rəhmətlik Ədili Hədil deyə çağırardı. Çoxları isə Adil İsgəndərov deyir və belə də yazılır. Amma əsl adı və soyadı Ədil İsgəndərbəylidir. Ədilin atası, yəni mənim babam Rza bəy Gəncədə qan düşmənçiliyinin qurbanı olub. 1916-cı ildə qardaşı Ağası bəylə evə qayıdanda 7-8 atlı onları dövrəyə alır və Rza bəyi öldürür. Başlanan qan davasını 19 yaşlı Ağası bəy davam etdirir və qardaşı Rza bəyin qisasını alır. Ədil İsgəndərbəylinin əmisi Ağası bəy çox qoçaq, mərd adam olub. Nənəm danışardı ki, at belində gedəndə onu vurmaq mümkün deyildi. O qədər çevik bir insan olub ki, düşmən atının ayağından, nalından vurardı. Özü də qan düşmənçiliyinin qurbanı olub. Yəni Ədil İsgəndərbəyli belə nəslin şərəfli davamçısı idi.

- Elxan müəllim, bəs nə əcəb belə köklü bəy nəslinin nümayəndəsi olan Ədil müəllimə Sovet dönəmində toxunmayıblar?

- Əmim bütün sənədlərdə tərcümeyi-halını başqa cür göstərirdi. Guya kəndli ailəsində dünyaya gəlib. Düzdür, o dövrdə bunu yoxlamaq çətin deyildi. Amma əsl sənətkar olduğu üçün ona dəyib-dolaşan olmadı. Mircəfər Bağırov əmimə hörmət edirdi. Onu teatra baş rejissor və direktor vəzifəsinə gətirən də elə Mircəfər Bağırov oldu.

- Ədil İsgəndərovun Mircəfər Bağırovla münasibətləri yaxşı olub?

- Münasibətləri yaxşı idi. Mircəfər Bağırov onun hazırladığı bütün tamaşalarda şəxsən iştirak edirdi. Elə tamaşalar olurdu ki, yalnız onun üçün oynayırdılar. "Vaqif" tamaşası Azdramada uğurla nümayiş edilən vaxtlarda əmimi gözü götürməyən paxıl adamlar Mircəfər Bağırova deyirlər ki, Səməd Vurğunun yazdığı əsərdə Ağa Məhəmməd şah Qacar obrazı sizin prototipinizdir. Bunu Səməd belə yazıb, amma əsl günahkar Ədil İsgəndərovdur. O bu surəti səhnəyə gətirməklə sizi ifşa edib. Bir sözlə, Mircəfəri qızışdırırlar. Mircəfər Bağırov Ədil İsgəndərovla telefonla danışaraq deyir ki, "Tamaşaya baxmağa gəlirəm". Teatrda hamı əl-ayağa düşür. Əmim və Səməd Vurğun bərk həyəcan keçirirlər. Düşünürlər ki, tamaşadan sonra həbs ediləcəklər. Amma hər şey başqa cür olur. Mircəfər Bağırov tamaşaya yaxın ətrafı ilə gəlir, tək oturub "Vaqif"i seyr edir. Tamaşadan sonra Ədil İsgəndərovu bağrına basıb təbrik edir, tamaşanı bəyəndiyini deyir. Bununla da qorxu pərdəsi aradan götürülür və xəbis adamlar öz niyyətlərinə çata bilmirlər.

- Elxan müəllim, Ədil müəllimin ailəsi haqqında məlumat versəydiz, yaxşı olardı. Bildiyimə görə, xanımı rus olub və iki qızı var. Hazırda qızları sağ-salamatdır?

- Hə, əmim rus xanımla evlənmişdi. Aktrisa idi. Rus Dram Teatrında çalışırdı. Zinaida Fyodorovna Zernova. Çox gözəl qadın idi. Xasiyyəti də gözəl idi. Əmim ilk dəfə onu

dram dərnəyində görmüşdü. 16-17 yaşlarında gözəl rus qızı. Əmim subay idi. 26 yaşında Zinaida xanımla ailə qurdu. Aralarında 6 yaş fərq var idi. Zina xalanın ailəsi Saratovdan Bakıya köçmüşdü. Ədil əmi Zina xalanı sevirdi. Bilirsiniz, sevilməli qadın idi. Xarakteri də gözəl idi. Ədil əmini hər zaman başa düşürdü, əzizləyirdi. Söz-söhbətdən, dedi-qodudan uzaq xanım idi. Birlikdə gözəl ömür yaşadılar. 2003-cü ildə dünyasını dəyişdi. Ədil əminin iki qızı var. Nigar, Dilarə. Böyük qızının 77 yaşı var. Almaniyada yaşayır. Nəvələri, nəticələri var. İkinci qızı Bakıda yaşayır. Onun da bu il 70 yaşı tamam olacaq. Son vaxtlar özünü yaxşı hiss etmir, xəstədir. Hər iki qızının həyat yoldaşı azərbaycanlıdır. Normal ailələri var.

- Ədil İsgəndərov milli ruhlu, kökə bağlı bir şəxsiyyət idi. Necə oldu ki, ailə quranda rus xanımını seçdi? Yoxsa bu da dövrün diqtəsiydi?

- Həqiqətən də Ədil əmi milli ruhlu insan idi. Amma gəncliyində onun sevdiyi azərbaycanlı xanım olmuşdu. Həmin xanım gəncəli idi. O da bəy qızı idı. Adlı-sanlı ailənin nümayəndəsi idi. Adını çəkməyi lazım bilmirəm. Artıq dünyasını dəyişib. Onunla münasibətləri alınmadı. Sonralar həmin xanım başqa adamla ailə həyatı qurdu. Ədil əmi də Zinaida xanımla evləndi. Nənəm danışırdı ki, Gəncədə əmimi sevən qızlar çox olub. Hətta bəziləri nənəmin yanına gəlib, onun gəlini olmaq istədiklərini deyirdilər. Həmin xanımlardan biri sonralar da ailə həyatı qurmadı. Qocaldı, qarıdı və dünyadan köçdü. Son günədək hər yerdə deyirdi ki, "Mən Ədilin arvadıyam". Halbuki əmim onu bir dəfə uzaqdan ya görüb, ya da yox. Yəni Ədil əmimi sevənlər çox olub. Amma nə yaxşı ki, Zina xalayla ailə həyatı qurmuşdu. Rus olanda nə olar? Siz görəydiniz ki, o, əmimin qulluğunda necə dayanırdı, onu necə sevirdi. Ən əsası əmimi başa düşürdü. Hər eşidib, gördüyünü onun üzünə vurmazdı. Çox ağıllı xanım idi. Son günədək əmimə Ədilçik deyirdi. Məni də çox istəyirdi. Axı uzun illər mən əmimlə yaşamışam. Onun himayəsində böyümüşəm.

- Məlum olduğu kimi, Ədil müəllimin oğlu olmayıb. Sizi oğlu kimi istəyirdi?

- İki qızı olduğuna görə oğlan uşağını çox istəyirdi. Mən də əziz qardaşının oğluydum. Hətta uşaqlıqda məni oğulluğa götürüb saxlamaq da istəyirdi. Nənəm razı olmayıb. Deyib ki, "Yoldaşı rusdur, acığına gələr, ailədə söz-söhbət yaranar". Ona görə də mən Gəncədə böyüdüm. Amma Ədil əminin diqqəti hər zaman üzərimdə olub. Orta məktəbə gedəndə onun istəyi ilə məni rus məktəbinə qoydular. Əmim dedi ki, rus bölməsində oxusun. Gələcəkdə lazım olacaq. Tətillərdə isə həmişə onun yanına gəlirdim. Mənimlə uşaqlıqdan böyük kişi kimi söhbət edirdi, mənə kinodan, teatrdan, ətrafında baş verən maraqlı hadisələrdən danışırdı. Evin böyüyü Ədil əmi idi. Atam az yaşadı. 57 yaşında rəhmətə getdi. Ədil əmi də bilirsiniz ki, 68 yaşında rəhmətə getdi. Ən uzunömürlü o biri əmim oldu. 1995-ci ildə rəhmətə getdi. Həmin əmim Gəncədə yaşayırdı. Xəstəxanada baş həkim idi.

- Elxan müəllim, Ədil İsgəndərov ekrandan çox sərt görünür. Ailədə necə insan idi?

- Rəhmətlik evdə uşaq kimi, sadə, səmimi insan idi. Övladlarını şox sevirdi. Onlara yetərincə vaxt ayırırdı. Ailəsi ilə süfrə arxasında oturub şam etməyi çox xoşlayırdı. Hər axşam evə gələndə Zina xala gözəl süfrə açardı, yemək gətirərdi. Ədil əmi qızlarını çox istəyirdi. Hər dəfə süfrə arxasında əyləşəndə qızları yeməyə məcbur edirdi. Ətrafında iştahla yemək yeyən adamlar olanda çox sevinirdi (gülür - müəl.). Qızlarını o qədər yedizdirirdi ki, axırda hər ikisi kökəlmişdi.

- Sizin Ədil İsgəndərovla bağlı evdə baş verən hansı maraqlı hadisə yadınızdadır?

- Maraqlı və məzəli hadisələr çox olub. Eləsi var ki, danışmağı lazım bilmirəm, çünki şəxsidir. Ailəyə məxsusdur. Amma sizə maraqlı bir faktı deyim. Bir dəfə evə yeyib-içib gəlmişdik. Ədil əmi kabab və tabaka yeməyi çox sevirdi. Hər zaman getdiyi bir məkan var idi. Yeməkləri orada məxsusi hazırlanırdı. İçki içməyi sevmirdi. Sevimli içkisi borjom idi. Deməli, yaxşı yeyib-içib evə gəlmişik. Evdə də Zina xala borş, arpa yarması sıyığı və soyutma toyuq bişirib. Zina xala böyük boşqablarda borşu çəkib gətirdi. İndi əmim mənə baxır, mən də əmimə. Axı yeyib gəlmişik. Bilmirik necə deyək ki, "yeməyə yer yoxdur". Ədil əmi vəziyyətdən "şəkərim qalxıb, dərman içməliyəm deyib" çıxdı. İndi qalmışam mən. Zina xala dedi ki, "Elxançik onda sən ye. Sən cavan, sağlam oğlansan". Ədil əminin üzünə baxdım ki, "gəl deyək yeyib gəlmişik". Ədil əminin həssaslığına bir baxın, o mənə dedi ki, "Qadam, bütün günü qazın qırağında, istidə yemək bişirib, bizi gözləyib. İndi deyək ki, yeyib gəlmişik?" 

Ədil əmi çox humanist, düşüncəli insan idi, ətrafında olan insanların zəhmətinə dəyər verirdi. Əmim həm də zarafatcıl idi. Zina xala o biri otağa keçən kimi mənə baxıb dedi ki, "Qadam, bu bizim başımızı aldadır. Mənə arpa yarması sıyığı bişirib. Rəhmətlik anam bu sıyığı toyuq-cücəyə verərdi". 

Zina xala əmimin səhhətinə görə ona pəhriz yeməkləri hazırlayırdı. Ədil əminin isə pəhrizlə arası yox idi. Heç dərman içməyi də sevməzdi.

- Ədil müəllim evdə hansı dildə danışırdı?

- Xanımı rus olduğuna görə evdə rus dilində danışırdı. Amma bizimlə ana dilimizdə danışardı. Əslində hər iki dildə söhbət olurdu. Əmim Zina xalayla ayrı dildə danışs

alar da, bir-birilərini yaxşı başa düşürdülər. Zina xala o qədər yaxşı xanım idi ki, bizim adət-ənənələri öyrənmişdi. Azərbaycan mətbəxini gözəl bilirdi. Ləziz yeməklər bişirirdi. Hələ Ədil əmini necə sevirdi. Balaca uşağın nazıyla oynayan kimi əmimin hər dediyini yerinə yetirirdi.

- Sizə söylədiyi nəsihət, tövsiyə nə idi? Necə insan olmağınızı istəyirdi və ümumiyyətlə, insanlarda hansı xüsusiyyətləri sevməzdi?

- Mən uşaqlıqdan Ədil əminin tərbiyəsi və məsləhətləri ilə böyümüşəm. Ədil əmi həmişə deyirdi ki, ömründə yalan danışma, söz vermə, əgər söz verdinsə, nəticəsi sənə ziyan versə belə bu sözünə mütləq əməl et. Mən ömrüm boyu bu prinsiplərə əməl etmişəm və övladlarımı da belə tərbiyə etmişəm. Sonra içkidən və siqaretdən zəhləsi gedirdi. Amma təəssüf ki, Ədil əminin içki və siqaret qadağasına riayət edə bilmədim.

- Elxan müəllim, yaşlı nəslin nümayəndələri olan aktyorlardan eşitdiyimə və oxuduğuma görə Ədil müəllim teatrdan haqsızlıqla uzaqlaşdırılıb?

- Yox, uzaqlaşdırılıb düzgün ifadə deyil. Ədil əmi teatrdan özü getdi. Çünki o zaman qərar var idi ki, bir nəfər iki vəzifə daşıya bilməz. Ədil əminin isə iki yox, 3 vəzifəsi var idi.

Dövlət Akademik Dram Teatrının direktoru və bədii rəhbəri, Azərbaycan SSR Nazirlər Sovetinin mədəniyyət işləri üzrə şöbə müdiri və Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda baş müəllim. Ədil əmi vəzifəsindən azad olunması ilə bağlı respublika rəhbərliyinə müraciət etmişdi. Vəli Axundov ona təklif etmişdi ki, teatrın bədii rəhbəri və ya direktoru olsun. Ədil İsgəndərov kimi bir adam isə bunlardan birinə razı ola bilməzdi. Ona görə də teatrdan birdəfəlik getdi. Akademik Milli Dram Teatrına 25 il rəhbərlik etdi. Həmin teatrı nahaq yerə İsgəndərov teatrı adlandırmırdılar ki? Əmimə qarşı haqsızlıqlar çox idi. Onu çoxlarının gözü götürmürdü. Ədil əmi mərd, heç kimdən söz götürməyən kişi idi. Onun sözünün üstünə heç kim əlavə söz deyə bilməzdi. Teatrdan gedəndən sonra 8 ay işsiz qaldı. Həmin vaxt dostları onu Moskvaya, işləmək üçün dəvət etdilər. Amma getmədi. Vətəndən ayrılmaq istəmirdi. Sonra isə "Azərbaycanfilm" Kinostudiyasına direktor getdi. Elə ilk gündən kinoda milli kadrların formalaşmasına və inkişafına təkan verdi. Kinostudiyanın ən məhsuldar dövrü Ədil əminin direktorluğu vaxtına təsadüf edir. Vəzifədə sərt, hökmlü olsa da, insanpərvər və ədalətli idi. Heç kəsi incidib küsdürməzdi. Milli ruha bağlı adam olduğu üçün kinostudiyanın dəhlizində rus dilində danışan adam görəndə əsəbləşərdi. Bir dəfə dəhlizlə gedəndə görür ki, Şahmar Ələkbərov bir neçə cavan kinoaktyorla dayanıb rusca nəyisə müzakirə edirlər. Ədil İsgəndərovu görən kimi onlar özlərini yığışdırıb sakit dayandılar. Ədil əmi onlara yaxınlaşıb, "Şenderoviç necəsən" deyir. Gənc aktyorlar başa düşürlər ki, Ədil İsgəndərov Şenderoviç deməklə nəyə işarə vurur. Yəni ki, siz başqa millətdənsiniz ki, öz dilinizdə danışmırsız? Bu onlara dərs olur. Belə kiçik, amma mənası böyük olan hadisələr, əhvalatlar çox olub. Onun tələbələri Əbdül Mahmudbəyov, Elxan Qasımov, Xamis Muradov Ədil əmini bu gün də yada salırlar. Onun haqqında saatlarla danışır, onu ehtiramla yad edirlər.

- Elxan müəllim, mənim yaşımda olan insanlar Ədil müəllimi görməyiblər. Amma siz danışdıqca o illərin mənzərəsi gözümün önündə canlanır. Siz Ədil İsgəndərovun teatr dövrünün üzərindən tez keçdiniz. Mən eşitmişəm ki, teatrda Ədil İsgəndərovun "qızıl qanunlar"ı var idi. Nəyi bəyənirdi və ya əksinə nədən xoşu gəlməzdi?

- Hə, onun teatra rəhbərliyi dövrü buranın qızıl dövrü sayılırdı. O illərdə Azdramaya camaat axınla gəlirdi. Bilet tapılmırdı. Evdə Zina xalanın bir dəftəri var idi. Dövlət, hökumət adamlarının ailə üzvləri birbaşa evə zəng edib Zina xaladan xahiş edirdilər ki, onlar üçün bilet ayırsın. Teatrda inzibatçılar bu işi görürdülər. Hər tamaşa anşlaqla keçirdi. Xüsusən də "Vaqif", "Otello", "Romeo və Culyetta" oynanılan gün bilet tapmaq müşkül olurdu. Camaat teatra toy-bayrama gedən kimi bəzənib-düzənib gəlirdi. Axı o dövrdə getməyə başqa yer də yox idi.

- Elxan müəllim, Ədil İsgəndərov teatrın direktoru kimi necə rəhbər idi?

- Çox ədalətli rəhbər idi. Bilirsiz, Ədil əmi ədalətli insan olduğu üçün hər kəsi qiymətləndirməyi bacarırdı. Hətta o, insan kimi xoşuna gəlməyən aktyoru belə sənətinə görə zirvələrə qaldırırdı. Sənəti xırda umu-küsüyə, söz-söhbətə qurban vermirdi. O xoşlamırdı ki, aktyorlar bazarda, dükanda görünsünlər. Aktyorun əlində bazar zənbili daşımasını qəbul etmirdi. Ona görə də aktyorlardan kimin nəyə ehtiyacı varsa, bir dəftərə qeyd edilirdi. Kartof, soğan və s. Kimə nə qədər lazımdırsa, bazardan alınıb gətirilirdi Azdramanın bufetinə. Ordan da avtomobilə qoyulub aktyorların evinə çatdırılırdı. Ədil əmi deyərdi ki, həyatda insanlar arasında tez-tez görünən aktyor səhnədə tamaşaçıya adi təsir bağışlayır. Ədil əmi qadın aktrisaların açıq-saçıq geyinmələrini də sevmirdi. Teatrda belə şeylər qadağan idi.

- Ələsgər Ələkbərovla aralarında olan inciklik barəsində çox deyilib, yazılıb. Bu söhbətlər həqiqətə nə dərəcədə uyğun idi?

- Bilirsiz, Ülviyyə xanım, elə məsələlər var ki, mən onların mətbuata çıxmasını istəməzdim. Amma deyilənlərdə həqiqət var. Ədil əminin ortaya çıxardığı, baş rollar verdiyi aktyorların bir çoxu sonralar ona qarşı xainlik etdilər. Onun üzünə ağ oldular. Ədil İsgəndərov kimi insan, qüdrətli bir kişi buna dözməzdi axı? Ələsgər Ələkbərovla bir zamanlar möhkəm dost olublar. Ələsgəri dram aktyoru edən elə əmim olub. Ələsgər Ələkbərov bir zamanlar komik rollar ifa edirdi. Onu Vaqif, Cavanşir, Otello edən Ədil İsgəndərov idi. Amma Ə.Ələkbərov müəyyən vaxtdan sonra dəyişdi. Onun yaxın qohumu Vəli Axundov birinci katib olandan sonra Ələsgər Ələkbərov səhvlər etməyə başladı.

- Necə səhvlər? Nə edirdi ki?

- Məşqlərə istədiyi vaxtda gəlirdi, tamaşaları istədiyi vaxt təxirə saldırırdı. Adını da qoyurdu ki, xəstəyəm. Məsələn, "Vaqif"in afişası vurulub ki, filan gün tamaşadır. Evdən zəng vururdu ki, mənim astmam tutub gələ bilməyəcəm. Tamaşanı da təxirə salmaq olmaz axı? Bilet satılıb, tamaşaçı əsərə baxmağa gəlir. Bütün bunları görən Ədil əmi Vaqifə dublyor hazırladı. Ədil əminin bir adəti var idi. Dublyorları xəlvət, bir-birindən xəbərsiz hazırlayırdı. Moskvada dekada keçiriləndə Ələsgər Ələkbərov getməkdən imtina etdi. Ədil İsgəndərov ilk dəfə Ağadadaş Qurbanovu Vaqif kimi səhnəyə çıxartdı. Ağadadaş Qurbanov Moskvadan qayıdan kimi xalq artisti adına layiq görüldü. Ələsgər Ələkbərovun adı SSRİ xalq artisti veriləcək aktyorların siyahısından çıxarıldı. Amma sizə bir faktı deyim. Ə.Ələkbərov vəfat edəndə əmim elə ağlayırdı ki. Mən heyrətlə ona baxdım ki, "Əmi axı o sənə qarşı çox haqsızlıqlar etdi, sənə hörmətsizlik göstərdi. Niyə belə ağlayırsan?" Ədil əmi üzümə baxıb dedi ki, "Qadam, dahi aktyor dünyadan köçdü. Ələsgər dahi idi. Bəlkə özü də başa düşmürdü ki, nə boyda böyük bir aktyordur".

- Eşitdiyimə görə, Ə.Ələkbərovun dəfninə gedib, amma teatra daxil olmayıb?

- Hə, dəfnə getmişdi. "Füzuli" meydanında dayanıb, cənazənin içəridən çıxmasını gözlədi. Onunla birlikdə gələn hər kəs içəri keçdi. Ona da təklif etdilər. Bir kəlmə dedi: "Q

adam, mən o teatrdan papağımı götürüb çıxmışam. Bir də ora ayaq basmaram". Əqidəsi, kişi xarakteri olan adam idi. Ağzından çıxan sözə həmişə əməl edərdi.

- Kiminlə dostluq edirdi?

- Dostluğa sadiq kişiydi. Ən yaxın dostu kimi Səməd Vurğunun və Mirzə İbrahimovun adını çəkə bilərəm.

- Bəs düşmənləri kim idi?

- Əsl kişinin düşməni çox olur. Amma ikisinin adını mütləq çəkəcəm. Bunlar Azad Şərifov və Ramiz Məmmədzadə idi.

- Elxan müəllim, Ədil İsgəndərovun kino yaradıcılığı da çoxşaxəlidir. Kinostudiyaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycan kinosunun ən gözəl filmləri çəkilib.

- Başqa cür ola bilməzdi. Ədil İsgəndərov çalışdığı yerlərdə milli kadrları yetişdirir, istedadlı gəncləri irəli çəkməklə məşğul olurdu. Azərbaycan kinosunda milli kadrları yetişdirən, onlara qol-qanad verən elə Ədil İsgəndərov oldu. Kinostudiyaya rəhbərlik etdiyi dövrdə çəkilən filmlər bir tarixə çevrilib. Elə filmlər var ki, rejissorlar onu baş rola dəvət ediblər, amma özü çəkiləcəyi rolu başqa aktyora həvalə edib. Düşünüb ki, həmin aktyorda daha yaxşı alınar. Ədil əmidə paxıllıq yox idi. Sənətə xidmət edirdi.

- O barədə eşitmişəm Elxan müəllim. "Nəsimi" filmi çəkiləndə Teymurləng roluna çəkilməkdən imtina edib. Deyib ki, "Yusif Vəliyevin Teymurləngi daha yaxşıdır"...

- Hə, "Nəsimi" filminə çəkilməkdən imtina etdi. Halbuki kinostudiyanın direktoru idu. Özü də çəkilə bilərdi. Amma sınaq çəkilişlərindən sonra Yusif Vəliyevin Teymurlənginə baxdı və onun yaratdığı Teymurləngi çox bəyəndi. Sonra "Dəli Kür" filmi çəkiləndə Cahandar ağa obrazına Ədil əmi təsdiq olunub, bu faktı çoxları bilmir. Film artıq 240 metr lentə alınandan sonra Ələddin Abbasovun bu rola çəkilməsini Ədil əmi özü istədi. Rejissor Hüseyn Seyidzadəyə məsləhət gördü ki, "Qadam, o arıqdı o yaxşı gedər bu rola". Amma sizə filmlə bağlı bir səhnəni deyim. "Dəli Kür"də Allahyarın arvadı çayın qırağında paltar yuyur, Cahandar ağa onu qaçırdır. Həmin səhnəni Ədildən yaxşı oynayan olmamışdı. O köklükdə adam Mələk rolunu ifa edən aktrisanı yerdən atın üzərinə elə qaldırırdı, sanki "qırğı sərçə götürür". Ədil əminin gözəl plastikası var idi. 156 kilo çəkisi olan adamın çevikliyini görsəydiz mat qalardız.

- Elxan müəllim, siz Ədil İsgəndərovun yaratdığı hansı obrazı daha çox sevirsiniz?

- Bütün obrazlarını çox sevirəm. Hər dəfə filmləri nümayiş olunanda tamaşa edirəm. Kamilov da mənə əzizdir, Rossilini də, amma Kərbəlayi İsmayıl bir başqadır. Kərbəlayi İsmayıl obrazı Ədil əminin özüdür. Daxili dünyasıdır. Kərbəlayi İsmayılı çox bəyənirəm. Həm də o filmin epizodlarında mən də çəkilmişəm. Çəkiliş prosesində iştirak etmişəm.

- Elxan müəllim, Ədil İsgəndərovun vəfatı ilə bağlı müxtəlif söhbətlər var. SSRİ xalq artistinin ikinci Fəxri Xiyabanda dəfn edilməsi, onun axşamüstü, tez-tələsik torpağa tapşırılması və s. Ədil İsgəndərovun dünyasını dəyişməsi necə oldu? Doğrudanmı Ədil müəllimin dəfn mərasimi bu qədər tez-tələsik, qorxu altında keçib?

- Nə yaxşı ki, bu sualı verdiz. Bilirsiniz, neçə illərdir belə söhbətlərə televiziyada, mətbuatda rast gəlirəm. Niyə belə söhbətləri yayırlar bilmirəm. Niyə axşamçağı? Niyə qorxa-qorxa? Ağır olsa da, həmin günü yenidən xatırlamaq istəyirəm. 1978-ci il sentyabrın 18-i. Mən ailəmlə Ədil əminin yanındaydım. Həmin gün Ədil əmi piti bişirmişdi. Sevdiyi yeməkləri hərdənbir bişirməyi xoşlayardı. Pitini bəh-bəhlə yeyib bitirdik. Əmimqızı Nigar təklif etdi ki, kinoya gedək. "Nizami" kinoteatrında yeni film gedirdi. Uşaqlıqdan əmimim yanında böyüdüyümə görə Ədil əminin qızlarına bacı deyirdim. Həmin gün də bacılarımın sözündən çıxmadım. Ailəvi yığışıb kinoya getdik. Evdən çıxanda Ədil əmi dedi ki, "Qəşəng seylon çayı dəmləyəcəm". Bunun mənası "kinodan çıx, bizə gəl" demək idi. Amma kinodan sonra mən onlara qayıtmadım. Çox yorulmuşdum. Ailəmlə evə qayıtdım. Təzəcə evə çatmışdım ki, Nigar bacım zəng vurdu ki, "Ata rəhmətə getdi". Tez əmimgilə qayıtdım. Həyət adamla dolu idi. Bütün qonşular ordaydı. Heç kim ürək edib evə keçmirdi. İçəri ilk daxil olan mən oldum. Ədil əmi kresloda keçinmişdi. Tez əlini, ayağını, çənəsini bağladım. Sonra hönkürüb ağladım. Birdən mənə aydın oldu ki, daha o yoxdur.

- Ədil müəllimin ölüm səbəbi ürəyi ilə bağlı idi?

- Onun trombu var idi. Dərmanlarını da müntəzəm içməzdi. Həmin gün isti su ilə yuyunub. Sonra özünü pis hiss etdiyini görüb xəstəxanaya zəng edib. Oradan həkimlər gəliblər. İynə vurublar. Amma halının pis olduğunu görüb yanında qalmayıblar. Çıxıb gediblər. Əslində yanında qalmalıydılar. Sonra da o keçinib. Səhərə qədər bütün dövlət və hökumət adamları evə gəldilər. Sentyabrın 19-da Brejnev Bakıya gəlirdi. Ona görə hər kəsin başı qarışmışdı. Cənazəni morqa aparıb yardılar. Əvvəl icazə vermədim. Sonradan izah etdilər ki, Ədil İsgəndərov hökumət adamı olub. Onun ölüm səbəbi, diaqnozu düzgün bilinməlidir. Həkimlərin diaqnozu belə oldu. Tromb qopub ürək klapanını bağlamışdı. Müntəzəm dərman qəbul etsəydi, belə olmazdı. Amma dərman içməkdən zəhləsi gedirdi. Vida mərasimi Aktyorlar evində oldu.

- Bəs, niyə Akademik Milli Dram Teatrında yox, Aktyor evində?

- Azdramada olmasını mən özüm istəmədim. Heç rəhmətliyin özü də bunu istəməzdi. Aktyor evində günorta saat 3-ə qədər vida mərasimi oldu. Sonra cənazəni Musiqili Komediya Teatrına qədər çiyinlərdə apardılar. Oradan II Fəxri Xiyabana aparıb dəfn etdik. Axşamüstü deyildi. Hava qaralmamışdı və divar dibi ilə qorxa-qorxa getmirdik. Xahiş edirəm, bunu xüsusi qeyd edəsiz.

- Bəs, niyə II Fəxri Xiyabanda dəfn edildi. Axı, Ədil İsgəndərov Zaqafqaziyanın ilk SSRİ xalq artisti, həm də o məzarlıqda uyuyan ilk SSRİ xalq artisti oldu. Əslində, I Fəxri Xiyabanda torpağa tapşırılmalıydı.

- I Fəxri Xiyabanda dəfn edilməsi üçün I katibin sənədə qol çəkməsi lazım idi. Brejnev Bakıya gələcəyinə görə hər kəs məşğul idi. O zaman mənim gözümə heç nə gö

ünmürdü. Amma indi olsaydı, gözləyərdim. Mütləq I Fəxri Xiyabanda dəfn edilməsinə nail olardım. Keçmiş ola. Allah rəhmət eləsin. Harada dəfn edilməsindən asılı olmayaraq, onu bu gün də tanıyırlar, sevirlər, qiymətləndirirlər.

- Elxan müəllim, böyük Ədil İsgəndərovun ürəyində hansı arzusu qaldı ? Nəyi etmək istəyirdi, amma ömür vəfa etmədi?

- Arzuları çox idi. Amma ən böyük arzusu "Vaqif" filmini çəkmək idi. Filmin ssenarisi hazır idi artıq. Çəkilişə başlamaq istəyirdi. Amma Vaqifi tapa bilmirdi. Ələsgər Ələkbərovdan sonra Vaqif obrazını yarada biləcək aktyoru tapmırdı. Elə bu axtarışlarla da dünyasını dəyişdi.

- Bildiyimə görə, ailənizdə balaca Ədil İsgəndərov böyüyür. Ədil müəllimin neçə nəvəsi və nəticəsi var?

- Ədil əminin 4 nəvəsi və nəticələri var. İmran, Ləman, Cəmil, Nərminə. Balaca Ədil İsgəndərov mənim ailəmdə böyüyür. Nəvəmin adını Ədil qoymuşam. Əslində oğlumun adını Ədil qoymaq istəyirdim. Oğlum Kamran doğulanda Ədil əmi sağ idi. Onun adını oğluma vermək istədiyimi bilib sevinirdi. Xeyir-dua da verdi. Sadəcə, bacılarım, yəni Ədil əminin qızları razı olmadılar ki, "Atanın sağlığında adını qoymağın düşər-düşməzi olar". Ədil əmi onların xətrinə dəyməmək üçün "Qoy, necə istəyirlər, elə olsun" dedi. Mən də oğlumun adını Kamran qoydum. Amma nəvəm doğulanda daha dözmədim. Bu ad bizim ailəmizdə yaşamalıdı. İndi ailəmizdə balaca Ədil İsgəndərov böyüyür. Onun gələcəkdə bu adı necə daşıyacağını, necə yaşadacağını bilmirəm. Amma inanıram ki, böyük Ədil İsgəndərovun ocağında böyüyən balaca Ədil İsgəndərov soy-kökünə sadiq olacaq, ləyaqətli övlad, şərəfli kişi kimi böyüyəcək.

Axı, Ədil İsgəndərovun nəsil şəcərəsi davam edir...

Son xəbərlər

Orphus sistemi