Görkəmli kinorejissor Eldar Quliyevin 75 yaşı tamam olub

Görkəmli kinorejissor Eldar Quliyevin 75 yaşı tamam olub O, səhhətində yaranan problemlərə görə yubileyini evində qeyd edir
İncəsənət
18 Yanvar , 2016 16:12
Görkəmli kinorejissor Eldar Quliyevin 75 yaşı tamam olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti, "Milli Kino" mükafatı laureatı Eldar Quliyevin doğum günüdür.

"Report" xəbər verir ki, yanvarın 18-də məşhur rejissorun 75 yaşı tamam olur. 

Səhhətində yaranan problemlərlə bağlı yubileyini evdə qeyd edən E.Quliyev yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Kinorejissor həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Milli Kino" mükafatına da layiq görülüb.

Xatırladaq ki, Eldar Tofiq oğlu Quliyev 1941-ci il yanvarın 18-də Bakıda, böyük bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya gəlib.

1960-1966-cı illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb.1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmır. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bununla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Ürək...Ürək", "Nizami", "Nə gözəldir bu dünya", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Eldar Quliyev həm də bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.

Son xəbərlər

Orphus sistemi