Gənc Tamaşaçılar Teatrının aktyorları IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıb

Gənc Tamaşaçılar Teatrının aktyorları IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıb Yay məktəbində dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edib
İncəsənət
30 İyun , 2015 15:45
Gənc Tamaşaçılar Teatrının aktyorları IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıb

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc və istedadlı aktyoru Günel Məmmədova və Eşqin Quliyev Rusiyanın Teatr Xadimləri İttifaqının və həmin ölkənin Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbindən qayıdıblar. "Report" xəbər verir ki, Moskva vilayətinin Zveniqorod şəhərində baş tutan IX Beynəlxalq Yay Teatr Məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, İsrail, Türkmənistan, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edib.

Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı tanınmış teatr xadimlərinin ustad dərsləri, master klasslar keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyaginin, eləcə də teatr pedaqoqu, Sankt Peterburq Dövlət Teatr İncəsənəti Akademiyasının "aktyor və rejissorluq" kafedrasının müdiri Veniamin Filştinski, xalq artistləri Vyaçeslav Polunin, Lev Dodin, əməkdar artist İqor Zolotovitski, əməkdar incəsənət xadimi Sergey Jenovaç, Boris Konstantinov və başqalarının rəhbərliyi ilə baş tutub.

1 aylıq təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlar 5 tamaşa ilə özlərini sınayıblar. Tamaşalar Rusiyanın əməkdar incəsənət xadimi Qriqori Kozlov, "Qızıl maska" Milli Mükafatının laureatı Yevgeni İbrahimov, B.A.Pokrovski adına Musiqili Kamera teatrının xoreoqrafı Aleksey İşuk, rejissor Maksim Didenko və digərlərinin quruluşunda hazırlanıb.

Aktyorlarımız İ.A.Buninin "Yüngül nəfəs" ("Легкое дыхание") və "Qaranlıq xiyabanlar" ( "Темные аллеи" ) novellaları əsasında hazırlanan "Bunin. Etüdlər" ("Бунин. Этюды") tamaşasında uğurla çıxış edib.

Tamaşada uğurlu çıxışa və 1 aylıq təlimlərə görə IX Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına layiq görülüb.

Qeyd edək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiyanın Teatr Xadimləri İttifaqı və ölkənin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi