Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünü açıq elan edib

Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünü açıq elan edib Oktyabrın 12-dən 15-dək Kalmık Milli Dram Teatrı Bakıya səfərə gələcək
İncəsənət
1 Sentyabr , 2016 20:53
Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünü açıq elan edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünün açılışına start verib.

"Report" xəbər verir ki, teatrın direktoru əməkdar artist, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov sentyabr ayının 17-də Gənc Tamaşaçılar Teatrının mövsümə başlayacağını deyib.

Həmin gün saat 12.00-da S.Şeydanın “Tülkü tülkü tünbəki” (premyera), saat 19.00-da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.

Oktyabr ayının 12-dən 15-dək Kalmık Milli Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.Kalmık Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikovun da iştirak edəcəyi qastrol səfərində bir neçə istedadlı kalmık rəssamının əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.

Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık rejissoru Boris Manciyevin hazırladığı “Qohumlar” tamaşası Dövlət GəncTamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.

Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də baş tutacaq.

Yeni mövsümdə məşqlərinə hələ ötən mövsümdə start verilmiş iki tamaşa təqdim olunacaq. Bunlardan biri orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa, digəri isə Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi ilə birlikdə Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşadır. Mövsümün növbəti premyerası isə Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəri olacaq.

Son xəbərlər

Orphus sistemi