Gənc aktyor Kənan Yusifov: “Azərbaycanın ilk 3D cizgi filminin ssenarisini yazmışam” - MÜSAHİBƏ

Gənc aktyor Kənan Yusifov: “Azərbaycanın ilk 3D cizgi filminin ssenarisini yazmışam” - MÜSAHİBƏ “Hazırda ən çox tələbat komediyayadır”
İncəsənət
26 Avqust , 2016 11:58
Gənc aktyor Kənan Yusifov: “Azərbaycanın ilk 3D cizgi filminin ssenarisini yazmışam” - MÜSAHİBƏ

“Kino təklifi almayan aktyor toya tamada kimi gedir”

“Azərbaycanda kinoya, seriala maraq qənaətbəxş deyil”

Bakı. 26 avqust. REPORT.AZ/ Gənc aktyor və ssenarist Kənan Yusifovun "Report"a müsahibəsi

- Bildiyimə görə, tibb təhsiliniz var. Amma aktyor və ssenarist kimi fəaliyyət göstərirsiniz. Bu sahəyə marağınız nə ilə bağlıdır?

- İncəsənətə marağımın genetik olduğunu düşünmürəm. Uşaqlıqdan aktyorluğa həvəsim olub və mən bunun sadəcə maraq olduğunu düşünürdüm.

Orta təhsilimi Xətai rayonu Allahverdi Xəlilov adına 263 nömrəli məktəbdə almışam. İlk dəfə məktəb vaxtı “Sevil” tamaşasında Balaş rolunu oynamışam. Məktəbdə Cəfər Cabbarlının yubileyi keçiriləndə isə ilk dəfə efirə çıxmışam.

Məktəbi bitirəndən sonra müəyyən səbəblərə görə sənədlərimi İncəsənət Universitetinə verə bilmədim. İki il Tibb Universitetinə hazırlaşmışam, nəticədə “Təfəkkür” Universitetinin Tibbi biologiya fakültəsinə qəbul oldum. Birinci kursda oxuyanda ali təhsil müəssisəsinin “KVN” (Şən və Hazırcavablar Klubu – “Report”) komandası yarandı və bu sənətə olan marağımdan komandaya qoşuldum. Müəyyən müddət sonra anladım ki, bu, uşaqlıq arzusu deyil, istedadım bu sahədə irəliləməyə imkan verir.

- Ssenaristliyə, yoxsa aktyorluğa daha çox önəm verirsiniz? Ümumiyyətlə, hansı peşənin çətinlikləri daha çoxdur?

- Hər iki peşə ilə eyni səviyyədə məşğul olmağa çalışıram. Bəzən yazdığım ssenariyə elə özüm də çəkilirəm. Ssenarist işinin çətinliyinə gəldikdə, bu sənətə yiyələnmək üçün öncə istedad, sonra təcrübə lazımdır. Təbii ki, müşahidə qabiliyyəti, savad da vacibdir. Yalnız təcrübə sayəsində bir neçə ilə sənətə yiyələnmək olar. Amma sənətin elmini öyrənmək daha yaxşıdır. Bu istiqamətdə təhsil almasam da, özümü bu sahədə təkmilləşdirmişəm, hətta Türkiyədə ssenari kurslarında iştirak etmişəm. Yeri gəlmişkən, Türkiyə ilə Azərbaycanı bu sahədə müqayisə etmək çətindir. Çünki həm ssenari, həm də aktyor baxımından yerlə göy qədər fərq var, ən əsası da maddi tərəf... Eyni zamanda, biz kiçik ölkəyik, əhalimizin sayı azdır. İstənilən halda film çəkiləndə Azərbaycanda qazanc çox az olduğundan, investiya cəlb etmək çətin olur. Bu səbəbdən serialları ya televiziya, ya da dövlət çəkir.

- Xarici ölkələrdə film çəkə biləcək ssenaristlərimiz varmı?

- Əlbəttə var və həmişə də olub. Amma ölkə xaricində film çəkmək üçün müəyyən çətinliklər, sərhədlər var. Əksəriyyət düşünür ki, kim istəsə xaricə, xüsusilə də Türkiyəyə gedə və orada uğur qazana bilər. Əslində, hər şey o qədər də sadə deyil. Türkiyədə ssenarist, aktyor kimi fəaliyyət göstərmək üçün dil baryeri var. Eləcə də başqa çətinliklər çoxdur.

Azərbaycanda yaxşı ssenaristlər var, sadəcə işin maddi tərəfdən çətinlikləri mövcuddur. Həmçinin, bu sahə yeni inkişaf etməyə başlayıb. Bəzi adamlar bir həftəyə ssenari yazır. Hətta əksəriyyət işin bu cür asan olduğunu düşünür. Amma bu, bir həftəlik iş deyil.

- Yazılan ssenarilərdə çərçivələri aşmaq, yeni bir yolla getmək olarmı?

- Görüntünün, musiqinin sehrinə düşmədən son vaxtlar çəkilən serialların ssenarisinə fikir versək, bizdə də yaxşı ssenarilərin yazıldığını görərik.

Türklər son vaxtlar “Yeşilçam” kinolarının mövzusuna qayıdıblar: varlı oğlan - kasıb qız və ya əksinə, kasıb oğlan - varlı qız məhəbbəti... Bu filmlərin nailiyyəti əyalətdən gələn qəhrəmanın şəhərdə uğur qazanması ilə bağlıdır. Film izləyən tamaşaçılar da əsasən orta və aşağı təbəqədən olduğundan onların da oxşar arzuları var və özlərini bu obrazın yerinə qoyurlar.

Ümumi baxdıqda isə musiqinin notları kimi, hekayələrin də müəyyən çərçivəsi var. Məsələn, ya kasıb oğlan - varlı qız, ya da əksinə. Yəni bu çərçivədən çıxmaq olmur.

- Türkiyə seriallarının Azərbaycan seriallarından daha baxımlı olmasının səbəbi nələrdir?

- Bizdə tamaşaçı azdır. Hər şey yenə reklamdan, maddiyyatdan asılıdır. Hamı pulu reklamdan qazanır, çünki ən gəlirli sahələrdən biridir. Azərbaycanda çəkilən serial reklamdan 20 min manat, Türkiyədə isə 1 milyon manat qazanırsa, təbii ki, görülən işin keyfiyyətində də fərq də olacaq. Əgər biz yerli istehsalımızı ölkə hüdudlarından çıxara bilsək, bəlkə qazanc artar.

Düzdür, hətta effektsiz, zəif texnika ilə maraqlı çəkiliş etmək olar. Amma bunun üçün də sahənin özünə maraq olmalıdır. Əgər aktyor az pul qazanırsa, alternativ gəlir mənbəyi axtarır. Beləcə, başqa istiqamətə yönəlir və nəticədə əsas işini yola verməyə başlayır. Məsələn, aktyor kino üçün təklif alanda çəkilir, iş olmayanda toya tamada gedir.

- Azərbaycanda kinoya, seriala maraq hansı səviyyədədir? Qənaətbəxş hesab edirsinizmi?

- Son vaxtlar maraq artsa da, qənaətbəxş səviyyədə deyil. Artıq Azərbaycanda kinoteatr mədəniyyəti də inkişaf etməyə başlayıb. Hazırda ən çox tələbat komediyayadır.

- “Bir ailəm var” serialından sonra boşluq hiss olunurmu?

- Serialdan sonra boşluq var deməzdim, sadəcə, normal insanlar kimi bir az dincəlirik. Bu mövsüm kursu dəyişəcəyik. Telelayihələrimiz də var, işlərimiz bir az daha komediya yüklü olacaq.

Artıq işlərimizə başlamışıq, hazırda bir internet layihəsi üzərində çalışırıq. Sosial şəbəkələr üzərindən “İkibaşlı” adlı layihə həyata keçiririk. Yayımlanan çarxlarda əsas mövzu günün sosial problemləridir.

Bundan başqa, efir üçün verilişimiz olmalıdır. Hazırda onun üzərində işləyirik. Hansı kanalda yayımlanacağı hələlik dəqiq deyil.

Həmçinin, iki film üzərində də çalışırıq. Artıq Erkin Erginlə ssenarini yazmışıq. Filmlərdən biri dram, digəri isə komediya janrındadır. Yəqin ki, ilk olaraq komediyanın çəkilişlərinə başlayacağıq. Filmin baş rollarında da ikimiz çəkiləcəyik, əmioğlu obrazlarını oynayacağıq.

Eyni zamanda, bir cizgi filminə də ssenari yazmışam, Yusif Şeyxov əsas sujeti yazıb, mən isə dialoqları işləmişəm. “Cırtdan və təpəgöz” adlanan film Azərbaycanın ilk 3D cizgi filmidir. Ekran əsərində cırtdanı bir az müasirləşdirmişik. Cizgi filminin üzərində iş davam edir.

- Azərbaycanda serial çəkilişi zamanı hansı çətinliklər olur?

- Müxtəlif çətinliklərlə qarşılaşırıq. Dillə bağlı fikir ayrılığı yaranır. Tamaşaçı loru danışıq tərzini istəyir, məişət dilində "uje”, “vsyo”, “vobşem”, “srazu”, “prosto” və s. kimi sözlər işlənir. Biz serialı fərqli, yəni akademik dildə çəkəndə tamaşaçı bunu qəbul etmir. Həyati, təbii olmadığı deyilir. Əslində, çətinliklər çoxdur.

- Hansı janrda olan filmə, rola çəkilmək istərdiniz? Tərəf müqabilinizin hansı azərbaycanlı aktyor olmasını arzu edərdiniz?

- Psixoloji problemləri olan obrazları canlandırmaq istəyərdim. Son serialda qüsurlu insan xarekterini canlandırmışam. Amma serial olduğundan tam hazırlıq olmamışdı, vaxt az idi.

Gerçəkləşməsi real olmasa da, Həsən Məmmədov, Yaşar Nuri, əgər mümkün olsa, Fuad Poladovla eyni filmdə çəkilmək istərdim.

Mənim həyata baxışım “az pul qazanıb sevdiyin işlə məşğul olmaq, çox pul qazanıb sevmədiyin işlə məşğul olmaqdan yaxşıdır” ideyasının üzərində dayanır. Pulun gətirdiyi zövq bir müddətdən sonra adiləşə bilər, amma sevdiyin işin verdiyi zövq fərqlidir.

Son xəbərlər

Orphus sistemi