Fuad Poladov Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlayıb

Fuad Poladov Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlayıb Teatrda "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası hazırlanır
İncəsənət
23 İyun , 2015 15:19
Fuad Poladov Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanın xalq artisti Fuad Poladov yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində "Müsyö İbrahim" obrazını canlandıracaq.

"Report" xəbər verir ki, Akademik Milli Dram Teatrında Erik Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında yeni tamaşa hazırlanır. Əsərə Sankt-Peterburqdan dəvət edilmiş həmyerlimiz, gənc rejissor Ərşad Ələkbərov quruluş verib. Tamaşanın bədii rəhbəri xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətdir. 

Teatrda əsərin ilk oxunuşu iyunun 10-da keçirilib. İlk stolarxası məşqdə Fuad Poladov, Şəlalə Şahvələdqızı və S.Vurğun adına Rus Dram Teatrından dəvət edilmiş gənc aktyor Səfa Mehdi iştirak edib. Tamaşada əməkdar artistlər Mehriban Zəki və Sabir Məmmədov da rol alacaq. Yeni əsərdə hansı aktyorların oynayacağı, heyətin tam tərkibinin necə olacağı yaxın günlərdə qətiləşəcək.

Rejissor Ərşad Ələkbərov ilk stolarxası məşqdən razı qalıb. Maraqlı əsərə quruluş verdiyini deyən Ə.Ələkbərov "Report" a açıqlamasında Fuad Poladov kimi nəhəng sənətkarla çalışdığına görə fəxr etdiyini vurğulayıb: "Mən uzun illərdir Sankt-Peterburqun Gənclər Teatrında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərirəm. Fuad Poladovla tanışlığımız Rus Dram Teatrında olub. Onun mənə inanıb yeni tamaşamda baş rolu ifa etməyə razılıq verməsi böyük diqqət nümayişidir. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məni bu tamaşa ilə bağlı Bakıya dəvət edəndə sevindim. Çünki vətənimdə, doğma səhnədə tamaşa qoymaq mənim çoxdankı arzum idi".

Tamaşada baş rolu - Müsyö İbrahim obrazını oynayan xalq artisti Fuad Poladov əsəri bəyəndiyini və hələ çoxlarının tanımadığı gənc rejissorla çalışmağın onun üçün maraqlı olacağını söyləyib: "Ərşadla ilk dəfə Rus Dram Teatrında tanış oldum. Sankt-Peterburqda həm aktyor, həm də rejissor kimi çalışır. Gənc olsa da, maraqlı fikirləri var. Hələlik əsərin ilk oxunuşunu keçirdik. Əsas iş və ağır proses, tamaşanın məşqləri hələ qarşıdadır. Allah qoysa, tamaşanı yeni mövsümdə təhvil verəcəyik". 

Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq tamaşanın Akademik Milli Dram Teatrında oynanılmasının təşəbbüsü teatrın direktoru İsrafil İsrafilova məxsusdur. O, "Report"a açıqlamasında əsərin cəmiyyətə insanlıq, mərhəmət, tolerantlıq kimi fikirləri yaydığını bildirib: "Belə tamaşanın Milli Dram Teatrının səhnəsində qoyulması çox yaxşıdır. Rejissor gənc, amma istedadlıdır. Həmyerlimizdir. Sankt-Peterburq teatrında işləyir. İnanıram ki, maraqlı fikirləri var. Tamaşanın səhnə yozumunda gənc rejissora xalq artisti Azərpaşa Nemət yardımçı olacaq. Tamaşa yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcək".

İ.İsrafilov hesab edir ki, "Müsyö İbrahim və Quran çiçəyi" aktual əsərdir: "Əsər müsəlman aləminə verilən bir mesajdır". 

Xatırladaq ki, bu məşhur əsəri fransız əsilli yazıçı Erik Emmanuel Şmidt 2001-ci ildə yazıb və müəllifin dünyada tanınan əsərlərindən biridir. Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. E.E.Şmidtin əsəri yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb. Məşhur romana 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron eyniadlı film çəkib. Filmdə baş rolu Ömər Şərif ifa edib. 

Son xəbərlər

Orphus sistemi