Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Əbdül Mahmudbəyovun "Report"a müsahibəsi
- Əbdül müəllim, uzun illərdir üzərində çalışdığınız Şah İsmayıl Xətai haqqında olan ssenarini bitirmisiniz?
- Bəli. Nəhayət, ömrümün 37 ilini sərf etdiyim, özümə mürşüd saydığım, dahi şəxsiyyət, nəhəng dövlət və ictimai siyasi xadim, anadilli, vahid Azərbaycan - Səfəvilər dövlətinin qurucusu və banisi, cənnətməkan Şah İsmayıl Xətai haqqında yazdığım kinossenarini başa vurdum. Ssenari nəşriyyatda qəbul edilib və kitab şəklində çap ediləcək. Əsas işin ilk mərhələsini başa vurduq. Qalır işin ikinci böyük və vacib mərhələsi, yəni bu ssenari əsasında böyük və möhtəşəm film çəkmək.
- Sizin arzusunda olduğunuz filmi çəkmək...
- Düzdür. 73 illik ömrümün arzusu, mən deyərdim son arzusu böyük Şah İsmayıl Xətai haqqında çəkiləcək filmdir. Allah ustadım Ədil İsgəndərova rəhmət eləsin. Bir zamanlar mənim tarixə, milli kökə bağlılığımı, həvəsimi görüb dedi: "Qadam, onsuz da aktyor kimi istəyəndə səni filmə çəkəcəklər, amma rejissor olaraq film çəkmək istəsən tarixi mövzulardan yapış. Bu, səndə alınacaq. Çünki həvəsin var". 1980-ci illərin sonunda Şah İsmayıl Xətai haqqında film çəkmək üçün kinostudiyaya yazılı müraciət ünvanladım.
- Bir qədər də dəqiqləşdirək, kinostudiyaya neçənci ildə müraciət etdiniz?
- 1987-ci il. Yadımdadır, Xətai haqqında film çəkmək istəyimlə bağlı "zayavka" (ərizə) verdim. Ssenarini də yazmışdım. Bu ssenarinin yazılmasında mənə yaxından köməklik edən adam mərhum akademik Ziya Bünyadov olub. Amma həmin dövrdə Sovet İttifaqı hələ dağılmamışdı. Müstəqillik əldə etməmişdik. Kim mənə icazə verəcəkdi? Təbii ki, imkan vermədilər. Arzum ürəyimdə qaldı. Uzun illər ssenari evdə qaldı. Zaman-zaman müxtəlif əlavələr, dəyişikliklər edildi. Nəhayət, 2000-ci illərin əvvəlində ulu öndər Heydər Əliyevin sayəsində ssenari qəbul edildi və filmin çəkilməsinə xeyir-dua verildi. Hətta filmin çəkilişləri üçün 1 milyon pul ayrıldı. Mən filmin çəkilişləri üçün məkanlar seçməyə başladım, aktyor seçimi aparıldı və birdən filmin çəkilişləri dayandı.
- Bəs niyə dayandı? Səbəb kimi nə göstərildi?
- Mən də nə üçün dayandığını sizdən soruşuram. Çünki bu günədək səbəbini bilmirəm. Bəlkə də səbəbi mənim rejissor olmağım idi. Amma mən bu gün də razıyam. Əgər filmin rejissorunun Əbdül Mahmudbəyov olmağını istəmirlərsə eybi yox. Böyük Şah İsmayılın ruhuna sayğımdan filmi başqa adamın çəkməsinə də razıyam. Mən sadəcə həmin adama yardım edərəm, bildiklərimi onunla paylaşaram. Yetər ki, bu film çəkilsin. Başqa millətlər özlərinin tarixi şəxsiyyətləri haqqında necə filmlər çəkirlər, hətta şişirdirlər. Amma Azərbaycanın Şah İsmayıl Xətai kimi böyük padşahı, dövlət başçısı, dahi şəxsiyyəti olub, ancaq onun haqqında möhtəşəm əsər yarada bilmirik. Eşitdiyimə görə, bəzi adamlara bu filmi çəkmək təklif olunub, amma sona qədər gedən olmur. Şah İsmayıl dəryadır. Mən 37 ildir bu mövzu ətrafında oxuyuram, öyrənirəm, araşdırıram, yenə də bilmədiyim çox şeylər var. Bu mövzuya bələd olmayan, ürəyində sevgisi olmayan bunu edə bilməz.
- Bəzi məlumatlara görə, rejissor Tofiq Tağızadənin də Şah İsmayıl Xətai haqqında film çəkmək arzusu olub, amma ehtiyat edib...
- Belə bir söhbəti mən də bilirəm. Tofiq Tağızadə bizi yaxşı tanıyan, bizə bələd olan adam idi. Biz deyəndə onun filmlərində çəkilən həmin dövrün sənət adamlarını nəzərdə tuturam. Bilirsiniz, bizim bir çox böyük rejissorlarımız vardı, peşəkar olsalar da milli kökə, tarixə bağlılıqları azdı. Tofiq Tağızadəni Şah İsmayıl Xətai mövzusu maraqlandırırdı, amma onun haqqında məlumatı az idi. Mən ona bu barədə danışdım, bir çox məsələləri açanda dedi: "Yox, bu mövzuya sən yaxşı bələdsən. Allah şərait yaratsın, özün çək. Mən də əlimdən gələn köməkliyi edərəm". Amma alınmadı.
- Əbdül müəllim, inşallah, film nə zaman çəkiləcək?
- Mən hələ ssenarini tam bitirdiyimə görə şükür edirəm. Bir ay on gün gecə-gündüz oturub yazdım. İnanırsınız, sağlamlığıma ciddi zərbə vurdum, amma başa çatdırdım. İndi ssenari mətbəədə yığılır. Filmin çəkilişlərinə nə zaman başlayaram, onu bilmirəm. Bu, tək məndən asılı olan bir şey deyil. Bu dəfə də qalmağını istəmirəm. Çünki ömürdən gedir. Bir zamanlar aktyor bölgüsü apardığını sənətkarların çoxu indi həyatda yoxdur. Hər gün sıralarımız azalır. Heç olmasa meydanda qalan böyük sənətkarlarla filmi başlamaq istəyirəm.
- Bəs Şah İsmayıl Xətainin obrazını kim ifa edəcək? Fikrinizdə olan hər hansı bir aktyor varmı?
- Şah İsmayılın həyatı üç mərhələdən ibarət olub. Uşaqlıq, yeniyetməlik, gənclik. Bu səbədən də üç aktyor seçilməlidir. Təbii ki, Allahın izni ilə filmə başlayaq, aktyor seçmək problem deyil. İstedadlı gənc aktyorlarımız çoxdur.
- Onda film bir neçə seriyadan ibarət olacaq...
-Bəli, 4 seriyalı film olacaq. Hər filmi iki seriyadan ibarət iki film. Birinci filmdə Şah İsmayıl Xətai dünyaya gəlməmişdən əvvəl və doğulan dövrdə vəziyyət, cərəyan edən hadisələr, yetişdiyi mühit və xilası. İkinci filmdə isə hakimiyyəti dövrü, dövlətçilik tarixi, gördüyü işlər və s. öz əksini tapacaq.
- Hər seriyanın xronometrajı nə qədər olacaq?
- İki film birlikdə üç saat olacaq. Hər seriya 1 saat 30, 1 saat 50 dəqiqə olmalıdır. Böyük ekran üçün nəzərdə tutulan filmdir.
- Bu, Şah İsmayıl Xətai üçün az deyil?
- Yetər ki, biz işə başlayaq. Gedişatın nəyi göstərəcəyinə baxarıq. Çünki bu filmin çəkilməsini Heydər Əliyev çox istəyirdi. Təəssüf ki, onun yaşadığı dövrdə çatdırıb başlaya bilmədik. Ona görə də Şah İsmayıl Xətaiyə həsr olunan filmi Heydər Əliyevin xatirəsinə ithaf edəcəyəm və filmin əvvəlində bu öz əksini tapacaq. Bu film ulu öndərin arzusu idi.
Şah İsmayıl Xətai haqqında filmin çəkilməsi onun barəsində deyilən, yazılan, uydurulan bütün qaranlıq mətləblərə aydınlıq gətirəcək. Bu filmlə Şah babamızın bizə doğru tanıdılmadığını göstərəcəyik. Şah İsmayıl 1500-ci ildə Təbriz şəhərində Azərbaycan dövlətini elan edəndə deyib: "Biz Azərbaycan dövləti yaratmırıq. Biz Azərbaycan dövlətçiliyini bərpa edirik". Bu sözləri deyəndə hələ 14 yaşı tamam olmamışdı. Təsəvvür edirsiniz? Həmin görüşdə 14-ə yaxın dövlətin nümayəndəsi iştirak edib. Şah İsmayıla kürk bağışlayıblar. İndi həmin kürk muzeydə saxlanılır. Şah İsmayıl mədəniyyətə, elmə xüsusi diqqət yetirən dövlət başçısı olub. Özü poeziyaya bələd olub, əsərlər yazıb. Bir sözlə, bu böyük şəxsiyyəti hərtərəfli, olduğu kimi göstərmək istəyirəm.
- Əbdül müəllim, deyək ki, inşallah, sabah filmə başlayırsınız. Bəs işləyəcəyiniz komanda artıq hazırdırmı?
- Allahın və bu işə marağı olan insanların sayəsində başlayaq, məndə hər şey hazırdır.
- Rəssamlar, səs rejisorları, aktyor heyəti...
- Hamısı hazırdır. Düzdür, itirdiyim insanlar çoxdur. Ziya Bünyadov, Oqtay Əfəndiyev, Mahmud İsmayılov. Onlar filmin baş məsləhətçiləri idilər. İndi dünyadan köçüblər. Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Gündüz Abbasov yoxdur. Operator Rasim İsmayılovu itirdim. Amma Allaha şükür qardaşı rəssam Rafis İsmayılov sağdır. Hələ Arif Məlikov, Kənan Məmmədov dünyadadır. Rafiq Əzimov, Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov, Ənvər Həsənov, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı sağ-salamatdır. Amma tələsmək lazımdır. Vaxtımız azalır. Ömür etibarsızdır, bizi gözləmir. Ona görə də ömrümün arzusu olan bu filmi başlamaq və yüksək səviyyədə çəkib təhvil vermək istəyirəm.
- Sizin bütün filmlərinizdə Alim Qasımovun səsi, avazı var. Bu filmdə necə, dostunuzla işləyəcəksiniz?
- Sözsüz. Film Alim Qasımovun ifası ilə başlayacaq. Mənim bütün filmlərimdə olduğu kimi Alim bayatı oxuyacaq. Sizə danışıram, gözümün önündən kadrlar keçir. Sanki filmi çəkmişəm.