Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Danabaşlar" tamaşası hazırlanır

Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Danabaşlar" tamaşası hazırlanır Tamaşanın rejissoru Mir Sahib Ağazadədir
İncəsənət
30 Aprel , 2016 06:23
Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Danabaşlar tamaşası hazırlanır

Bakı. 29 aprel. REPORT.AZ/ Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrında YUĞ Dövlət Teatrının rejissoru Vaqif İbrahimoğlunun tələbəsi Mir Sahib Ağazadə Cəlil Məmmədquluzadənin nəsr əsərləri əsasında “Danabaşlar” adlı yeni tamaşa hazırlayır.

"Report" xəbər verir ki, Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları” povestləri, “Poçt qutusu”, “Lal” hekayələri və digər əsərləri əsasında səhnələşdirilən tamaşanın janrı bir hissəli qəmli komediya kimi təyin olunub.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur.

Qeyd edək ki, tamaşanın musiqi tərtibatı da quruşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur. Tamaşada teatrın, demək olar ki, bütün yaradıcı heyəti iştirak edir.

Rejissorun sözlərinə görə, tamaşanın ideya xətti Mirzə Cəlilin uçitel personajının dediyi kimi, "uceniye svet, ne uçeniye tma" olaraq götürülüb. Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır. Rejissor onu da vurğulayır ki, "sonda mən Kərbəlayilərin, Əhmədin və b. bütün bu bədbəxtçilikləri ilə tamaşanı bitirməmişəm. Bir ümid və işıq üçün yer qoymuşam. Seçim yenə tamaşaçınındır. Nə dərəcədə işıqlı, nə dərəcədə zülmət kimi görmək istəsə və ya görsə elə də görəcək."

Hazırda məşqləri gedən səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır.

Eyni zamanda teatrda Dağıstanın əməkdar artisti Yaqut Xandadaşovanın quruluşunda “Hicran” tamaşasının hazırlanması da nəzərdə tutulub. Teatrda uzun müddət ikinci rejissor işləmiş Hörmət Aslanova da yeni bir tamaşanın quruluşu həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun sözlərinə görə, gələcəkdə də Dərbənd Azərbaycan teatrında gənc sənətçilərə özlərini sınamaq, yaradıcı potensialını isbatlamaq üçün həmişə şərait yaradılacaq. Teatrın baş rejissoru həmçinin onu da bildirib ki, yaxın gələcəkdə Azərbaycan teatrı klassik Azərbaycan dramaturgiyası nümunələri ilə yanaşı, müasir dramaturqların əsərlərinə də müraciət edəcək. 

Son xəbərlər

Orphus sistemi