Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Maxaçqalada çıxış edib

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Maxaçqalada çıxış edib Teatrın aktyoru Məhərrəm Ömərova Dağıstan Respublikasının əməkdar artisti fəxri adı verilib
İncəsənət
30 Mart , 2016 18:41
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Maxaçqalada çıxış edib

Bakı. 30 mart. REPORT.AZ/ Dərbənddə fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı "Beynəlxalq Teatr Günü" ilə bağlı Maxaçqala şəhərində keçirilən tədbirdə çıxış edib.

Bu barədə "Report"a Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ərtoğrul Kamalov məlumat verib.

Onun sözlərinə görə, Dağıstanda keçirilən tədbirlərdə vaxtaşırı çıxış edən teatrın qocaman aktyoru Məhərrəm Ömərova fəxri ad verilib: "Dağıstanın mədəniyyət naziri Zarema Ajuevnaya Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyoru Məhərrəm Ömərovu Dağıstan Respublikasının əməkdar artisti fəxri adının verilməsi ilə bağlı təbrik etdi. Nazir bildirdi ki, gələcəkdə  Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorlarına diqqət və qayğı artırılacaq". 

Xatırladaq ki, XIX əsrin sonu XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status,1934-cü ildə isə dövlət teatrı statusu alıb. 1944-cü ildə səhnə pərdələrini müvəqqəti bağlasa da, 1994-cü ildə teatrın qapıları yenidən tamaşaçıların üzünə açılıb.

2015-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam verib. Sərəncam hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmaması, təchizatın müasir tələblərə cavab verməməsi nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi