“Cinemaplus”da “Əli və Nino” filminin yaradıcı heyətinin mətbuat nümayəndələri ilə görüşü olub

“Cinemaplus”da “Əli və Nino” filminin yaradıcı heyətinin mətbuat nümayəndələri ilə görüşü olub Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq
İncəsənət
5 Oktyabr , 2016 18:53
“Cinemaplus”da “Əli və Nino” filminin yaradıcı heyətinin mətbuat nümayəndələri ilə görüşü olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Ganclik Mall"da yerləşən “Cinemaplus” kinoteatrında “Əli və Nino” filminin yaradıcı heyətinin mətbuat nümayəndələri ilə görüşü olub.

“Report”un məlumatına görə, filmin prodüseri Kris Tikyer ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: "Ekran əsərinin afişası hazırlanarkən çəkilən əsas şəkil filmin açılış səhnəsindən götürülüb".

Onun sözlərinə görə, bu gün Heydər Əliyev Mərkəzində filmin premyerası baş tutacaq: “Bu günə qədər ekran işi bir neçə festivallarda nümayiş olunub. Əsas təqdimat isə noyabrın 18-də Los-Ancelesdə baş tutacaq. Təbii ki, bu filmin də öz auditoriyası var. Biz də çalışacağıq ki, onları bir araya gətirək. Əsas nümayişdən sonra yaxın gələcəkdə filmin Türkiyə və Portuqaliyada göstərilməsi planlaşdırılır”. 

Kris Tikye həmçinin bugünkü tədbirə “Əli” rolunu canlandıran Adam Bakrinin qatılmaması məsələsinə də aydınlıq gətirib: "Aktyor Amerika vətəndaşıdır və xaricə çıxmaq üçün sənədlərində müəyyən gecikmələr olduğundan Bakıya gələ bilmədi. Lakin onun bugünkü təqdimat iştirakçılarına təbrik mesajı var və bu da tədbirdə səsləndiriləcək. Özü burda olmasa da, ekranlarda bizimlə olacaq”.

Əsərin əsas qəhrəmanlarından biri olan Mariya Valverde (Nino) isə deyib ki, Qafqaz xalqına məxsus xanımın rolunu canlandırmaq onun üçün bir ilk olub: “Bilirik ki, Nino güclü xarakterli bir xanımdır. Buna görə də belə gürcü xanımının rolunu oynamaq mənim üçün şərəf idi. Bu günə qədər azərbaycanlı bəylə eşq yaşamamışam. Çəkiliş müddətində filmin bütün heyət üzvü Azərbaycana aşiq olub. Azərbaycan tərəfindən yenə də belə bir təklif gəlsə, məmnuniyyətlə çəkilə bilərəm. Çünki bura mənim ikinci evim kimi oldu”.

Ekran əsərində yer alan digər aktyor Numan Akar isə çəkiliş zamanı yaddaqalan hadisələr barədə söz açıb: "Filmin özü və çəkilişi hadisələrlə doludur. Ona görə də xüsusi hadisə demək çətindir. Milli mətbəxiniz və təbiətiniz inanılmaz gözəl idi. Quba və Xınalıq isə ecazkar təbiətə malik idi. Bax bunun özü böyük hadisə idi”.

Filmin ssenari müəllifi Kristofer Hempton da çəkiliş zamanı baş verən maraqlı məqamlara toxunub: “Bir gün əvvəldən səhərisi gün tezdən saat 6-da çəkiliş etməli olduğumuzu dedilər. Lakin həmin günü çoxlu qar yağdığını gördük və bu, gözlənilməz oldu. Əsər çox böyük olmasa da, hadisələr çox intensiv idi: “Ona görə də əsas olan lazımlı məqamları çəkmək idi. Ümumilikdə isə əsəri ekranlaşdıranda elə də ciddi dəyişiklik etmədik”.

Qeyd edək ki, çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub. Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb. 104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər. “Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir. 

Son xəbərlər

Orphus sistemi