Bu gün Xan Şuşinskinin anadan olmasından 115 il keçir

Bu gün Xan Şuşinskinin anadan olmasından 115 il keçir Bəyimxanım Verdiyeva-Cavanşir: "İlin sonunadək yubiley tədbirləri keçiriləcək"
İncəsənət
20 Avqust , 2016 11:45
Bu gün Xan Şuşinskinin anadan olmasından 115 il keçir

Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin 115 illik yubileyidir. 

Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir "Report"a bildirib ki, ilin sonunadək yubiley tədbirləri keçiriləcək: "Bu gün "Mədəniyyət" kanalında Xan Şuşinskiyə həsr olunmuş veriliş nümayiş etdiriləcək. Yubiley tədbirlərimiz ilin sonunadək davam edəcək. Xan Şuşinskinin 115 illik yubileyi ailəsi, onun sənətini sevənlər tərəfindən qeyd ediləcək". 

Qeyd edək ki, əsl adı İsfəndiyar Aslan oğlu Cavanşir olan Xan Şuşinski 1901-ci il avqustun 20-də Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi, təbrizli xanəndə Əbdülhəsən xan ona Xan Şuşinski adını verib. Xanın bir xanəndə kimi yetişməsində həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Xan Şuşinski 1979-cu il martın 18-də 77 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi