Bakı. 1 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsinin üçüncü mərhələsində rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş etdirilib və "Audiovizual məkanda vətənpərvərlik" mövzusunda müzakirələr keçirilib.
"Report" xəbər verir ki, filmin nümayişindən əvvəl keçirilən müzakirələr müasir dövrün ən əhəmiyyətli və aktual məsələsinə - vətənpərvərlik mövzusuna həsr edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev vətənpərvərlik mövzusunun kinoda ən çox maraq doğuran və daim müraciət edilən mövzulardan olduğunu deyib: "Sovet Azərbaycanında bu mövzu, təbii ki, İkinci Dünya müharibəsi ilə başlayırdı. Azərbaycan kinosunun həmin dövrlərə aid uğurlu layihələri var. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Mən ki gözəl deyildim”, “Tütək səsi” kimi filmlərdə arxa cəbhədə baş verən hadisələrdən, Azərbaycan xalqının qəhrəmanlığından, şücaətindən bəhs olunur. Azərbaycan kinosunda hərbi vətənpərvərlik mövzusunun əks olunması iki istiqamətdə müşahidə olunur: sovet və müasir dövr. Müasir dövrdə vətənpərvərlik mövzusunda çəkilən filmlər əsasən Qarabağ müharibəsinə və orada qəhrəmanlıq göstərən igid vətən oğullarına həsr edilir. Buna misal olaraq “Fəryad”, “Dolu” və digər filmləri göstərmək olar."
C.Quliyev Azərbaycan və Belarus kinematoqrafiyasının dərin ənənələrə malik olmasından söhbət açaraq bildirib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında çəkilən “Sizi dünyalar qədər sevirdim” və bu gün təqdim ediləcək “Yarımçıq xatirələr” filmləri Belarus və Azərbaycan kinematoqrafçılarının müştərək istehsalıdır.
Sonra “Yarımçıq xatirələr” filmi nümayiş olunub. Film Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir. Baxışdan sonra rejissor Elxan Cəfərov jurnalistlərin və kino həvəskarlarının suallarını cavablandırıb. Müzakirələr zamanı milli kinomuzda vətənpərvər obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, çəkiliş zamanı yaşananlar, ssenarist və rejissorun məqsədi və məramı, düşmən, dost, qonşu anlayışlarının ekran yozumu kimi fəlsəfi məqamlara toxunulub, vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziya müstəvisində yayımlanması ətrafında müzakirələr aparılıb.
Filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, əməkdar artistlər Gülzar Qurbanova, Şamil Süleymanlı, aktyorlar Bəhruz Vaqifoğlu, Rza Rzayev filmin ərsəyə gəlməsi və ideyası, məzmunu, yaratdıqları obraza yanaşmaları haqda fikirlərini bölüşüblər.
Qeyd edək ki, ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamları Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları da çəkilib.
Xatırladaq ki, noyabrın 20-də başlayan “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son iki ildə çəkilən filmlər kinoteatrlarda nümayiş etdirilir.
Sırada "Nabat" filminin yaradıcı heyəti ilə görüş və müvafiq mövzu ətrafında fikir mübadiləsi nəzərdə tutulub.