Azərbaycanlı yazarın əsəri Təbriz teatrında tamaşaya qoyulacaq

Azərbaycanlı yazarın əsəri Təbriz teatrında tamaşaya qoyulacaq Təbriz Kukla Teatrında "Toplan" tamaşası hazırlanır
İncəsənət
14 Yanvar , 2015 20:33
Azərbaycanlı yazarın əsəri Təbriz teatrında tamaşaya qoyulacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Təbrizin tanınmış “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulacaq.

Bu barədə "Report"a A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən məlumat verilib.

Təbrizdə 2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən teatr zəngin və qədim kukla teatrı ənənələrinin yaşadılması və təbliğatı işində maraqlı işlər görür.

Azərbaycan kukla teatr sənətini Təbrizdə də yaşadan teatr qurucusu və rejissoru Əli Bernonun rəhbərliyi altında çalışan teatr bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla bir sıra ölkələrin beynəlxalq kukla teatrı festivallarında iştirak edib.

Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməklə uşaqlara teatrı, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədəfləyən sənət ocağı bu dəfə gənc müəllifə üstünlük verməklə onun bədii nümunəsini səhnələşdirməyi qərara alıb.

Səidə Haqverdiyevanın bir neçə il əvvəl qələmə aldığı və müasir dövrlə həmahənglik təşkil edən pyesinə müraciət edən teatr bununla da uşaqlara əsərin ana xəttini təşkil edən sədaqət, dostluq, dürüstlük, səmimiyyət və qarşılıqlı inam kimi dəyərləri aşılamağa çalışır.

Müəllifin əsərin qəhrəmanı Toplan və onun dostları arasında olan münasibətə bədii boyalarla verdiyi özəllik və əsas ideyanı - sədaqətli olmağı önə çəkən rejissor tamaşanın yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcəyini deyib. Tamaşa fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq.

Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rol alacaq.

Qeyd edək ki, səhnə nümunəsinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi