Azərbaycanlı aktrisa italyan operatorun diqqətini çəkib

Azərbaycanlı aktrisa italyan operatorun diqqətini çəkib Elmira Şabanova çəkildiyi son filmdən danışdı
İncəsənət
10 Yanvar , 2015 12:38
Azərbaycanlı aktrisa italyan operatorun diqqətini çəkib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın Xalq artisti Elmira Şabanova rejissor İlqar Safatın çəkdiyi "İçəri şəhər" filmi barədə fikirlərini açıqlayıb. O, "Report"a açıqlamasında bildirib ki, filmin yaradıcı heyətindən, çəkiliş prosesindən, xüsusilə də rejissor İlqar Safatın aktyorlarla iş üslubundan razı qalıb: "İlqar Safatın ekranlaşdırdığı "İşəri şəhər" filmində çəkilmək mənə zövq verdi. Öz obrazımı çox bəyəndim. Bu obrazı bəyənən təkcə mən olmadım. İlqar Safat filmdə peşəkar kino işçiləri ilə çalışdı. İtaliyadan dəvət edilən quruluşçu operator Luca Coassin filmdə çəkilən aktyorları çox bəyəndi. Mənim obrazımı xüsusi tərifləyən Luca Coassindən bu sözləri eşitmək, uzun illərin aktrisası olsam da, mənə xoş oldu. Belə ki, italyan operatorun atası bir zamanlar Sofi Loreni çəkib, İtaliya kinosunun ən gözəl aktyor və aktrisalarının operatoru olub. Belə operatorun oğlundan ünvanıma xoş sözlər eşitmək sənət adamı olaraq mənə ruh verdi. 5-6 çəkiliş günüm oldu. İnanın ki, bu film məni yenidən dirçəltdi. "İçəri şəhər" filmindən razı qaldım. İlqar Safat çox istedadlı rejissordur. Nə yaxşı ki, belə gənclər var. Təəssüf ki, son illər əsl kinorejissorların sayı azalıb".

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “İçəri Şəhər” tammetrajlı bədii filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüsseri Ülvi Qasımov, prodüsseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Elmira Şabanova və Mehriban Zəki canlandırıb.

Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Son xəbərlər

Orphus sistemi