"Azərbaycanfilm" kinostudiyasının nümayəndələri Türkiyədə işgüzar görüşə qatılıblar

"Azərbaycanfilm" kinostudiyasının nümayəndələri Türkiyədə işgüzar görüşə qatılıblar "Dəyirmi masa"ya 40-dan çox film prodüseri, reklam mütəxəssisləri, rejissor və ssenarist qatılıb
İncəsənət
28 İyun , 2016 20:06
Azərbaycanfilm kinostudiyasının nümayəndələri Türkiyədə işgüzar görüşə qatılıblar

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin Alanya şəhərində iyunun 24-dək 26-dək Azərbaycan, Hollandiya, Türkiyə və Qazaxıstanın kino-sənaye nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilib.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Bildirilib ki, görüşdə milli kinematoqrafiyaların hazırki vəziyyəti, film distribusiyasında müşahidə olunan yeni tendensiyalar, beynəlxalq birgə kino istehsalı imkanları ilə bağlı məsələlər müzakirə olunub.

"Dəyirmi masa"da 40-dan çox film prodüseri, reklam mütəxəssisi, eləcə də rejissor, ssenarist iştirak edib.

Türk prodüseri Aydın Sayman, Hollandiyanın Fu Works Production kino şirkətinin direktoru San Fu Maltha, Türkiyə TV və Kİno Prodüserlər Birliyi Şurasının üzvləri Özlem Akbulat və Bürhan Gün, “Qazaxfilm” kinostudiyasının və “31” televiziya kanalının nümayəndələri, eləcə də tanınmış qazax rejissoru Atalay Taşdiken və digər mütəxəssislər gündəliyə çıxarılan problemlər ətrafında fikirlərini söyləyiblər.

Azərbaycanda və Avropa ölkələrində türk filmlərinin distribusiyasını fəal həyata keçirən Ali Fidan çıxışında kino yayımının bizim ölkədəki xüsusiyyətlərindən və əldə etdikləri uğurlu təcrübənin Qazaxıstanda tətbiq olunması imkanlarından söz açıb.

Görüşdə ölkəmizi təmsil edən rejissor və ssenarist Asif Rüstəmov və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova Azərbaycanda kinematoqrafın vəziyyətindən, mövcud iqtisadi şəraitdə onun inkişaf xüsusiyyətlərindən, birgə istehsal üçün xarici istehsalçı qurumlara təklif etdiyimiz əlverişli imkanlardan bəhs edib.

Görüş Alanya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilib.

İyunun 30-dək keçiriləcək festivalda “Azərbaycanfilm” kinostudiyasının “Nabat” və “Axınla aşağı” filmləri nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi