Azərbaycan X Beynəlxalq Yay Teatr Məktəbində təmsil olunur

Azərbaycan X Beynəlxalq Yay Teatr Məktəbində təmsil olunur Beynəlxalq tədir Moskva vilayətinin Zveniqorod şəhərində keçirilir
İncəsənət
2 İyun , 2016 15:18
Azərbaycan X Beynəlxalq Yay Teatr Məktəbində təmsil olunur

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyada X Beynəlxalq Yay Teatr Məktəbi başlayıb. 

"Report" xəbər verir ki, Rusiya Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Moskva vilayətinin Zveniqorod şəhərində keçirilən tədbir  iyunun 28-dək davam edəcək. 

Tədbirin rəsmi açılışı bu gün "Zveniqorod" pansionatında olacaq.

Beynəlxalq Yay Teatr Məktəbi 2006-ci ildən start götürüb və bu il 10 illik yubileyini qeyd edir. Bu günədək dünyanın 40-dan çox ölkəsindən 900-dək sənətçi təlim keçib. Bu dəfə də məktəbdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 30 ölkəsindən 87 gənc aktyor iştirak edəcək. Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər, tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də keçiriləcək.

Ustad dərsləri məktəbin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin, eləcə də digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla, ümumilikdə 5 səhnə əsəri hazırlayacaq.

A.Kalyagin jurnalistlərə açıqlamasında məktəbi teatr sahəsində Beynəlxalq Əlaqələr İnstitutu adlandırıb: "Hər il Zveniqoroda gələn gənc teatr xadimləri dünyanın müxtəlif şəhərlərindən gəlmiş həmkarları ilə tanış olur, birlikdə rus ədəbiyyatı ilə tanış olurlar. Bir ay ərzində rus dilində danışan gənc aktyorlar rus teatrının tarixi, dünəni, ümumilikdə Rusiyanın teatr dünyası ilə yaxından tanış olurlar. Mən inanıram ki, hər il bizə qonaq gələn teatr xadimləri Rusiyadan böyük əhval-ruhiyyə ilə vətənlərinə qayıdırlar. Heç bir maddi çətinlik Yay Məktəbinin işinə əngəl ola bilməz."

Xatırladaq ki, bu il məktəbdə Azərbaycanı iki aktyor - Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva və aktyor Ruslan İsmayılov təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi