Astanada IV beynəlxalq rəsm müsabiqəsi keçiriləcək

Astanada IV beynəlxalq rəsm müsabiqəsi keçiriləcək Ən yaxşı 86 əsərin sərgisi keçiriləcək, müsabiqənin yekun kataloqu nəşr ediləcək
İncəsənət
16 Dekabr , 2015 21:21
Astanada IV beynəlxalq rəsm müsabiqəsi keçiriləcək

Bakı. 16 dekabr. REPORT.AZ/ 2016-cı ildə Qazaxıstanın paytaxtı Astanada II Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü, Çernobıl atom elektrik stansiyasında baş vermiş (26 aprel 1986) qəzanın 30 illiyi və “Astana EXPO 2017” dünya sərgisinə həsr olunmuş IV beynəlxalq rəsm müsabiqəsi keçiriləcək.

"Report" xəbər verir ki, “Dünya. Enerji. İnsan” mövzusunda müsabiqənin təşkilatçıları Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Böyük Vətən Müharibəsi Əlliləri üçün Mərkəzi Klinik Hospitaldır.

Təşkilat Komitəsi müsabiqədə Azərbaycan rəssamlarının təmsil edilməsi xahişi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına müraciət ünvanlayıb.

Müsabiqənin məqsədi yaradıcı gənclərdə vətənpərvərlik hissinin, tarixi keçmişə maraq və rəğbətin artırılması, gənc rəssamların yaradıcı potensialının inkişaf etdirilməsidir.

Müsabiqəyə təqdim ediləcək əsərlər yüksək bədii xüsusiyyətə malik olmalıdır.

Bir müəllif 1-2 əsər təqdim edə bilər.

Əsərlərin süjeti sülh və hərbi-vətənpərvərlik, nəsillərin birləşməsi və EXPO 2017 çərçivəsində Qazaxıstanın müasir inkişafını mövzusunu özündə əks etdirməlidir.

Əsərlər 2016-cı il fevralın 1-də mərkəzləşdirilmiş qaydada Astana şəhəri, Bokeyxan küçəsi 28 ünvanında (Böyük Vətən Müharibəsi Əlliləri üçün Mərkəzi Klinik Hospital) qəbul ediləcək.

Ərizələrdə və göndərilən sənət əsərinin arxasında müəllifin adı və soyadı, əsərin adı, müəllifin çalışdığı və təhsil aldığı müəssisə, vəzifəsi, ünvanı və əlaqə nömrələri dəqiq göstərilməlidir.

Müsabiqənin yekunları 2016-cı il aprelin 26-da elan olunacaq.

Qaliblər pul və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Ən yaxşı 86 əsərin sərgisi keçiriləcək. Həmçinin müsabiqənin yekun kataloqu nəşr ediləcək.

Müsabiqənin sonunda bütün rəsm əsərləri Çernobıl sakinləri və müharibə veteranlarına tibbi yardım göstərməklə məşğul olan MDB ölkələrinin dövlət və ictimai təşkilatlarına və Qazaxıstanın muzeylərinə hədiyyə ediləcək.

Son xəbərlər

Orphus sistemi