"Arazbarı" mahnısına çəkilmiş qısametrajlı filmin təqdimatı olub

"Arazbarı" mahnısına çəkilmiş qısametrajlı filmin təqdimatı olub Əsərin sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə aiddir
İncəsənət
20 May , 2016 16:44
Arazbarı mahnısına çəkilmiş qısametrajlı filmin təqdimatı olub

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Arazbarı” mahnısına çəkilmiş qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti, tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak ediblər. 

Layihənin rəhbəri Əflatun Amaşov təqdimat mərasimində çıxış edərək, "Arazbarı"nın Azərbaycan xalqının tarixi, coğrafi məkanı, ağrısı olduğunu söyləyib.

Bəstəkar Tahir Əkbər isə "Amin" və "Ya rəbb" kimi mahnılardan sonra belə əsər yaratmağın yaradıcılığında zirvə olduğunu deyib: "Bu əsərin ərsəyə gəlməsinə görə Sona xanıma təşəkkür edirəm. Sözlər mənə o qədər təsir etdi ki, musiqinin necə yarandığını bilmədim. Sözlər çox ağrılıdır. Biganə qalmaq olmur. Bəstəkar, şair, ümumiyyətlə, yaradıcı adam sabaha ümidli olmalıdır. Bu əsər də sabaha, qələbəyə ümid yaradır".

Xanəndə Bəyimxanım Vəliyeva ərsəyə gətirdikləri əsərin seviləcəyinə ümidvar olduğunu vurğulayıb. O, layihədə əməyi keçən hər kəsə təşəkkür edərək, yaxın gələcəkdə bu əsərə qələbədən sonra tamaşa etmək arzusunun olduğunu bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyeva, layihənin rəhbəri Əflatun Amaşovdur. Filmin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrləri, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib. Mahnının sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə aiddir. Musiqili əsəri muğam ifaçıları Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov ifa ediblər.

Film Sona Vəliyevanın "Arazbarı" şeirindən xalq artisti İlham Əsgərovun ifasında bir parçanın səslənməsi ilə başlayır, dahi Üzeyir bəy Hacıbəylinin "Arazbarı" simfonik əsərinin səslənməsi ilə davam edir. Tahir Əkbərin yazdığı musiqi sədalarının fonunda Vətən həsrətli insanların baxışları, simaları görünür. Araz ağrısından başlanan həsrət karvanı Qarabağ torpağının odlu-alovlu səhnələri ilə davam edir. Musiqili filmdə Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov "Arazbarı" ritmik muğamından bir parçanı ifa edirlər. Musiqili film Şəhidlər xiyabanında əbədi məşəl önündə şəhidlərimizin ruhunun yad edilməsinə həsr edilən görüntülərlə başa çatır.

Son xəbərlər

Orphus sistemi