Amaliya Pənahova 70 yaşını qeyd edir

Amaliya Pənahova 70 yaşını qeyd edir İyulun 3-də aktrisanın təntənəli yubiley gecəsi keçiriləcək
İncəsənət
15 İyun , 2015 11:32
Amaliya Pənahova 70 yaşını qeyd edir

Aktrisa teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Amaliya Pənahova yubileyini qeyd edir.

Xalq artisti 70 yaşını dostları və ailə üzvlərinin əhatəsində keçirəcək. Bu barədə "Report"a Amaliya Pənahova bildirib.

"Bu günü dostlarımın, ailə üzvlərimin, məni sevənlərin yanında keçirəcəm. İyulun 3-də isə Heydər Əliyev Sarayında dövlət səviyyəsində təntənəli yubiley gecəmi keçirəcəklər. Hazırda təntənəli mərasimə hazırlıq işləri gedir. Yaradıcılığımda isə yeniliklər çoxdur. Yeni filmə çəkilirəm, gələcək planlarım, arzularım çoxdur".

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

1982-ci ildə ilin aktrisası elan edilib.

İstedadlı aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib.

Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Son xəbərlər

Orphus sistemi