Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək

Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək O, pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək
İncəsənət
22 İyun , 2015 14:04
Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin sentyabrında Malayziyada "DiverseCity 2015: Kuala-Lumpur" beynəlxalq incəsənət festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalın təşkilatçısı Malayziyanın "Pusaka" qeyri-hökumət təşkilatıdır.

Azərbaycanın Malayziyadakı səfirliyinin "Pusaka" təşkilatı ilə əməkdaşlığı sayəsində dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun festivalda iştirakı nəzərdə tutulub. 

Malayziyanın ingilis dilində nəşr olunan "Star" qəzetində tədbir barədə məqalə dərc olunub. "Mədəni yaxınlaşma" adlı məqalədə qeyd edilir ki, Malayziyanın "Pusaka" şirkəti tərəfindən bu ilin sentyabrında ilk dəfə keçiriləcək bu beynəlxalq festivalda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Cənubi Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat və komediya janrlarında tanınmış sənətkarların iştirakı gözlənilir.
Qeyd edək ki, azərbaycanlı sənətkar Alim Qasımov festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək.

Məqalənin sonuna Alim və Fərqanə Qasımovların ifasında "Bayatı Şiraz" muğamının videoyazısı da əlavə olunub. Bundan əlavə, festivalın təşkilatçısı olan Malayziyanın "Pusaka" şirkətinin internet saytında muğam ustası Alim Qasımov haqqında xüsusi məlumat yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi