Türkiyəli yazıçının əsəri uzun müddətdən sonra Bakı səhnəsində oynanılacaq

Türkiyəli yazıçının əsəri uzun müddətdən sonra Bakı səhnəsində oynanılacaq Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyevdir
İncəsənət
23 Yanvar , 2015 11:57
Türkiyəli yazıçının əsəri uzun müddətdən sonra Bakı səhnəsində oynanılacaq

Bakı.23 yanvar. REPORT.AZ/  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı görkəmli türkiyəli yazıçı Sadıq Şendilin "Qanlı Nigar" tamaşasını uzun fasilədən sonra yenidən nümayiş etdirəcək.

Bu barədə "Report"a Akademik Milli Dram Teatrından bildirilib.

Fevralın 4-də nümayişi nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyevdir.

Rollarda xalq artistləri Rəfael Dadaşov, əməkdar artistlər Tofiq Hüseynov, Ayşad Məmmədov və başqaları çıxış edəcək. Qanlı Nigar rolunu aktrisa Nigar Güləhmədova ifa edəcək.

Qeyd edək ki, Türkiyənin tanınmış yazıçısı Sadıq Şendilin müəllifi olduğu əsəri Azərbaycan türkcəsinə mərhum rejissor Vaqif İbrahimoğlu çevirib və ilk dəfə Milli Dram Teatrının səhnəsində özü hazırlayıb. Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşada o zaman əsas rolları Amaliya Pənahova və Yaşar Nuri ifa edib.

Əsər uzun illərdən sonra yenidən Akademik Milli Dram Teatrının repertuarında yer alıb. Xatırladaq ki, Sadıq Şendil türk ədəbiyyatında və kinosunda tanınmış əsərlərin və ssenarilərin müəllifi kimi tanınır. 1953-cü ildən yaradıcılığına ssenari yazmaqla başlayan Sadıq Şendil türk kinosunda 200-ə yaxın filmin, həmçinin Kamal Sunalın çəkildiyi filmlərin də ssenari müəllifi olub. Xüsusilə "Hababam sınıfı" filmlər seriyasının ssenari müəllifi kimi Türkiyədə məşhurluq qazanan Sadıq Şendil 8 dram əsərinin müəllifidir. Əsərləri arasında ən çox tanınanı 1971-ci ildə qələmə aldığı "Yeddi Ərli Hörmüz" və 1981-ci ildə yazdığı "Qanlı Nigar"dır. Hər iki əsər həm Türkiyədə, həm də türkdilli respublikaların bir çoxunda tamaşaya qoyulub.  

Son xəbərlər

Orphus sistemi