Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi aylığına başlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi aylığına başlayıb Bu məqsədlə RYTN-də müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib
İKT
20 Noyabr , 2015 13:44
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi aylığına başlayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu gün “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”na başlayıb. RYTN-in mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, bu məqsədlə Nazirlikdə müvafiq Tədbirlər Planı hazırlanaraq icra üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. 

Dekabrın 20-dək davam edəcək aksiya çərçivəsində əmək və icra intizamının artırılması, görülən işlərin səmərəliliyinin yüksəldilməsi və iş rejiminə ciddi riayət edilməsi, RYTN-ə və tabeliyindəki müəssisələrə daxil olan müraciətlərə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun baxılmasının təmin edilməsi və nəzarətin artırılması nəzərdə tutulur.

Ay ərzində mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi, CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi, İP TV xidmətinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi güzəştli kampaniyaların təşkili, əhali və təşkilatların bu xidmətlərdən hərtərəfli faydalanması üçün əlavə tədbirlərin görülməsinə diqqət artırılacaq. RYTN-in “Qaynar xətt”inin işinə nəzarətin artırılması, əhali və təşkilatlar tərəfindən edilən müraciətlər üzrə təcili tədbirlərin görülməsi, “122” və “155” xidmətlərinə və digər təmir bürolarına daxil olan sifarişlərin uçotu, zədələnmələrin təlimatda nəzərdə tutulan müddətlərdə tam aradan qaldırılması üçün tədbir görülməsi və gündəlik analiz edilərək nəzarətin artırılması da ay ərzində rabitə sahəsində fəaliyyətin əsasını təşkil edəcək. Beynəlxalq və şəhərlərarası trafikin itkisiz və keyfiyyətlə ötürülməsi və alternativliyin təmin edilməsi, əsas və ehtiyat qida qurğularının normal işinin təmin edilməsi, tezlik resurslarından səmərəli istifadənin və sahibkarların tələbatının maksimum təmin edilməsi, respublika əhalisinin rəqəmli TV yayımı ilə yüksək keyfiyyətlə təmin edilməsi, respublika ərazisində dövlət və FM radio yayımının əhatəsinin və keyfiyyətinin lazımi səviyyədə təmin edilməsi də tədbirlərə daxil edilib. 

“Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı”nda yerinə yetiriləcək digər işlər poçt şöbələrində poçt və poçt-maliyyə xidmətlərinin lazımi səviyyədə göstərilməsi üçün əlavə tədbirlərin görülməsi və yerlərdə müşahidə aparılmaqla nəzarətin artırılması, əhali və təşkilatların, həmçinin sahibkarların elektron xidmətlərdən rahat istifadəsi üçün əlavə tədbirlərin görülməsi, Bakı şəhərində və regionlarda genişzolaqlı internet xidmətlərinin dövlət və özəl internet provayderləri tərəfindən bərabər hüquq və şərtlərlə göstərilməsinə riayət olunması, vətəndaşların qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması və müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və nəticəsi üzrə tədbirlərin görülməsidir. Aylıq çərçivəsində xüsusi diqqət ediləcək digər məsələlər sahibkarlığın inkişafına kömək göstərilməsi və sağlam rəqabət şəraitinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı, bacarıqlı və bilikli kadrların seçilib yerləşdirilməsidir.

Aylığın yüksək səviyyədə keçirilməsi və lazımi nəticələrin əldə edilməsi üçün digər zəruri tədbirlər də nəzərdə tutulub və Tədbirlər Planının icrası Nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi