Qəbələdə rabitə və İKT-yə həsr olunmuş müşavirə keçirilib

Qəbələdə rabitə və İKT-yə həsr olunmuş müşavirə keçirilib Bundan öncə isə rabitə və yüksək texnologiyalar naziri bölgədə yaşayan vətəndaşlarla görüşüb
İKT
29 İyul , 2016 18:00
Qəbələdə rabitə və İKT-yə həsr olunmuş müşavirə keçirilib

Bakı. 29 iyul. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qəbələdə vətəndaş qəbulu keçirib. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, aidiyyəti struktur bölmələrinin rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Sonra nazir R.Quluzadənin rəhbərliyilə aidiyyəti rayonların telekommunikasiya qovşaqları və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Toplantıda sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb. R.Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yaxşılaşdırılması, işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, nazir qarşıya çıxan problemlərin vaxtında həll olunması, xidmət mədəniyyətinin lazımi səviyyəyə çatdırılması, vətəndaş şikayətlərinə ciddi reaksiya verilməsi üçün müvafiq göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi