Nazir: "Azərbaycanda "Formula-1" yarışı internet üzərindən yayımlanacaq"

Nazir: "Azərbaycanda "Formula-1" yarışı internet üzərindən yayımlanacaq" Bunun üçün xüsusi radiotezliklər ayrılacaq
İKT
27 May , 2016 13:28
Nazir: Azərbaycanda Formula-1 yarışı internet üzərindən yayımlanacaq

Bakı. 27 may. REPORT.AZ/ "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi pozitiv imicə malikdir və ölkə bu sahədə öz standartlarını formalaşdırıb. Hər yeni tədbiri bu standartda təşkil etməklə yanaşı, onu əvvəlkindən daha uğurla həyata keçirmək üçün yeni yanaşmaya ehtiyac olur". "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “The Business Year” jurnalına müsahibəsində deyib.

R.Quluzadənin sözlərinə görə, I Avropa Oyunları, "Eurovision" mahnı müsabiqəsi və bu kimi beynəlxalq tədbirlər ölkə üçün uğurlu bir təcrübədir: "Bu təcrübədən "Formula-1" Avropa Gran-pri yarışlarında faydalanacağıq. Bununla belə, çalışacağıq ki, daha keyfiyyətli xidmətlər göstərilsin. Bildiyiniz kimi, bu cür yarışlarda telekommunikasiya sahəsində xidmətlərin təşkili üzrə böyükhəcmli işlər görülür. Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır".

Lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sisteminin qurulacağını, yüksəksürətli və davamlı internet xidmətlərinin təşkil ediləcəyini qeyd edən nazir bildirib ki, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən "Azerspace-1" peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq .

"İndi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur. İnanırıq ki, telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlər məmnun qalacaqlar", - deyə R.Quluzadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi