"MilliÖn" və "E-manat" terminallarında "Bakinternet"in ödənişləri dayandırılıb

"MilliÖn" və "E-manat" terminallarında "Bakinternet"in ödənişləri dayandırılıb Ödənişlər müvəqqəti dayandırılıb və texniki problemlərlə bağlıdır
İKT
5 Mart , 2015 18:09
MilliÖn və E-manat terminallarında Bakinternetin ödənişləri dayandırılıb

Bakı. 5 mart. REPORT.AZ/ “Bakinternet” provayderinə internet və telefon ödənişlərini “MilliÖn” və “E-manat” terminalları vasitəsilə həyata keçirən vətəndaşlar problemlə üzləşiblər. “Report” xəbər verir ki, bir neçə gündür vətəndaşlar ödənişlərini sözügedən teminallar vasitəsilə həyata keçirə bilmirlər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin internet provayderi olan “Bakinternet”dən “Report”a məlumat verilib ki, “MilliÖn” terminalları vasitəsilə ödənişin dayandırılmasına səbəb terminalların aid olduğu operatorun müvəkkil bankla olan problemlə - ödənişlərin vaxtında çatdırılmaması ilə bağlıdır. Hələ istifadəçilər ödənişləri poçt vasitəsilə etməlidir.

“Aztelekom” İB-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elmar Hüseynov bildirib ki, məsələ hələ araşdırılır: "Dəqiq səbəb barədə nəsə demək üçün tezdir".

“MilliÖn” terminallarının aid olduğu operator - "Komtec" MMC-nin Kommersiya Departamentinin korporativ ünsiyyət vasitələri və ictimaiyyətlə əlaqələr üzrə qrup rəhbəri Ülviyyə Əfəndiyeva “Bakinternet”lə yaranan problemin müvəqqəti xarakter daşıdığını bildirib: "BTRİB-lə bağlı aparılan texniki işlər səbəbindən hazırda bu xidmət işləmir, amma bu, müvəqqəti xarakter daşıyır və onlarla bağlanan müqaviləyə heç bir tərisi yoxdur. İndiyə qədər edilən bütün ödənişlər və tamamlanmamış əməliyyatlar artıq həyata keçirilib. Ödəniş xidməti dayandırıldığı üçün texniki işlər bitənə qədər vətəndaşlar “MilliÖn” terminallarından ödəniş edə bilməzlər".

“E-manat” aparatlarını istismar edən “Modenis” MMC-dən isə qeyd olunub ki, bir neçə gün əvvəl bu şəbəkəyə aid terminallarla həyata keçirilən bəzi ödənişlər vaxtı aparatlarda yaranan problemlərin ortaya çıxması ilə texniki sazlamaya ehtiyac olduğuna qərar verilib. Şirkət bu problemin də müvəqqəti olduğunu, lakin konkret nə vaxt həll olunacağı və ödənişlərin nə vaxt bərpa ediləcəyi haqqında dəqiq tarix deyə bilməyib.

Son xəbərlər

Orphus sistemi