Məlumat Hesablama Mərkəzi SOCAR-la müzakirələr aparıb

Məlumat Hesablama Mərkəzi SOCAR-la müzakirələr aparıb Məqsəd "Azəriqaz"ın informasiya sisteminin "e-Hökumət" portalına qoşulması və xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim edilməsidir
İKT
13 Avqust , 2015 15:40
Məlumat Hesablama Mərkəzi SOCAR-la müzakirələr aparıb

Bakı. 13 avqust. REPORT.AZ/ "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın “Elektron hökumət” portalına inteqrasiyası üçün SOCAR-la birgə müzakirə keçirilib. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.

Avqustun 12-də "Elektron Hökumət" portalının operatoru - MHM-də SOCAR İTRİ-nin əməkdaşları ilə görüş keçirilib. Görüş zamanı “Azəriqaz” İB-yə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın Dövlət Reyestrində qeydiyyata alınması, Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli qərarının icrası ilə bağlı informasiya sisteminin portala inteqrasiyası, portal üzərindən informasiya mübadiləsi aparılmaqla “104” Zəng (Çağrı) Mərkəzinin işinin təkmilləşdirilməsi, müvafiq elektron xidmətlərin təşkili, uyğun servislərin hazırlanması və sair məsələlər müzakirə edilib.

Qurumun açıqlamasına görə, toplantının əsas məqsədi "Azəriqaz" İB-nin informasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi üzrə "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilməsidir. Toplantı çərçivəsində zəruri sosial xidmətlərin elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələləri müzakirə edildiyi və bu istiqamətdə portalın mövcud potensialları barədə ətraflı məlumat verildiyi deyilir.

Bundan başqa, yeni qaz abunəçilərinin sənədləşdirilməsi zamanı ünvan və soyadların, sistemə əl ilə daxil edildiyi və bununla əlaqədar bir çox mexaniki səhvlərin baş verdiyi qeyd olunub. Bu problemin aradan qaldırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məqsədilə portal üzərindən İAMAS informasiya sistemindən "Azəriqaz" İB-yə servis ötürülməsi təklif edilib və prosesin texniki detalları birgə müzakirə edilib.

Məlumata görə, "Azəriqaz" İB-nin mövcud abunəçi bazasında məlumatların təxminən 70%-i FİN-ə uyğunlaşdırılıb. “Azəriqaz”ın mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların İAMAS informasiya sistemindəki məlumatlarla üzləşdirilərək FİN-ə uyğunlaşdırılması istiqamətində MHM-in öz köməyini əsirgəməyəcəyi bildirilib.

Sonra MHM-in “157” Zəng Mərkəzinin iş prinsipi SOCAR-ın əməkdaşlarına əyani nümayiş etdirilib və "Azəriqaz"ın informasiya sisteminin portala qoşulmasından sonra “104” Zəng Mərkəzinin işinin analoji qaydada təkmilləşdirilməsinin mümkün olduğu bildirilib.

Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edilib. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulanıb və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alınb.

Son xəbərlər

Orphus sistemi