Məlumat Hesablama Mərkəzi USB tokenləri vətəndaşların ixtiyarına verib

Məlumat Hesablama Mərkəzi USB tokenləri vətəndaşların ixtiyarına verib Yeni məhsul xərcləri azaldacaq
İKT
20 Sentyabr , 2016 11:43
Məlumat Hesablama Mərkəzi USB tokenləri vətəndaşların ixtiyarına verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi "Elektron imza" sertifikat daşıyıcılarının yeni növünü - USB tokenləri vətəndaşların ixtiyarına verib. "Report" xəbər verir ki, informasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq. 

Vətəndaşlar istənilən bank xidmətindən istifadə edəndə, gömrük və vergi bəyannamələrini dolduranda mobil qurğulardan və yaxud kompüterlərdən istifadə edərək, USB tokenlərlə çox asanlıqla əməliyyat apara bilərlər.
"USB tokenləri sadə vətəndaşların, dövlət qurumlarının əməkdaşlarının, hüquqi şəxslərin autentifikasiya və "e-imza" kartı məlumatlarının unikal daşıyıcısı hesab etmək olar. Onların istifadəsi də olduqca sadə və rahatdır. Belə ki, "Elektron imza"dan istifadə etmək üçün kart və kart oxucusunun alınması zəruri idi. İndi isə yalnız USB formasında olan tokeni almaq kifayətdir". - deyə Milli Sertifikat Xidmətinin Mərkəzinin müdiri Arif Mayılov bildirib. 

Qeyd edək ki, "elektron imza" kartı üçün 18 manat, kart oxuyucu üçün isə əlavə olaraq 13 manat ödəniş edilməli olduğu halda, USB tokeni 18 manata əldə etməklə "Elektron imza"nın bütün funksiyalarından yararlanmaq mümkündür. Amma bu, vətəndaşlar üçün müəyyən edilmiş qiymətdir. USB tokenin dəyəri sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslər üçün 36, hüquqi şəxslər üçün 72 manat təşkil edir. Dövlət qulluqçuları isə 58 manat ödəməklə USB tokeni əldə edə bilərlər. 

Yeni daşıyıcı USB tokenləri Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq, habelə onlayn sifariş yolu ilə əldə etmək olar. Xatırladaq ki, "Elektron imza" kartlarından 2012-ci ildən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

Son xəbərlər

Orphus sistemi