İran və Azərbaycan üçüncü ölkələrin İT bazarına birgə çıxış imkanlarını araşdırır

İran və Azərbaycan üçüncü ölkələrin İT bazarına birgə çıxış imkanlarını araşdırır Azərbaycan İranın İT şirkətlərini ölkədə həyata keçirilən layihələrə dəvət edib
İKT
25 Sentyabr , 2014 11:26
İran və Azərbaycan üçüncü ölkələrin İT bazarına birgə çıxış imkanlarını araşdırır
Bakı. 25 sentyabr. REPORT.AZ/ İran Azərbaycanla İT sahəsində üçüncü ölkələrin bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin mümkünlüyünü vurğulayır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, bunu Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşündə bildirib.

Görüş zamanı M.Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərini iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.

İranın bir sıra aparıcı İT şirkətlərinin təmsilçilərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, üçüncü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Ə.Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini Azərbaycanın İT sahəsində həyata keçirilən layihələrdə iştiraka dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi