"Elektron hökumət" portalı vasitəsilə 12 dövlət qurumunun informasiya resurslarına çıxış təmin olunub

"Elektron hökumət" portalı vasitəsilə 12 dövlət qurumunun informasiya resurslarına çıxış təmin olunub Digər qurumlar tərəfindən də bu istiqamətdə işlər davam etdirilir
İKT
13 Yanvar , 2016 20:58
Elektron hökumət portalı vasitəsilə 12 dövlət qurumunun informasiya resurslarına çıxış təmin olunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Keçən ildə respublikada orta hesabla 112 663 ailə (492 337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü illə müqayisədə 8 772 vahid (38334 nəfər) və ya 7,2 % azalma deməkdir. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Məlumata görə, yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artmasına imkan verib: "Belə ki, 2015-ci ilin dekabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 18,7 manat və ya 14,1% artaraq 152,6 manata çatıb".

Bundan başqa, nazirliyin ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaratdığı Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə ünvanlı dövlət sosial yardımı üçün müraciət edən şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə nazirliyin "Elektron hökumət" portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışı təmin olunacaq. Bununla da VEMTAS-da müxtəlif qurumların daxil olduğu çoxşaxəli elektron infrastruktur formalaşacaq. Həmin qurumların nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək bu sahədə işlərin yüksək səviyyədə təşkili üçün müzakirələr aparılır.

Artıq 20 dövlət qurumundan 12-si tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası təmin olunub. Digər qurumlar tərəfindən də bu istiqamətdə işlər davam etdirilir.

Portala qoşulan bu sistemlər vasitəsilə əldə olunan məlumatlar ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılmasına imkan verəcək. Bütün məlumatlar ümumiləşdirilərək təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbulu həyata keçiriləcək.

Müraciət edən vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat da onun elektron ünvanına, yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Ünvanlı dövlət sosial yardımı təyin edildiyi halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka avtomatik şəraitdə sifariş veriləcək. Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək.

Son xəbərlər

Orphus sistemi