ITU: Azərbaycan ərazisi 100% 3G örtüyünə malik olan 40 ölkə sırasındadır

ITU: Azərbaycan ərazisi 100% 3G örtüyünə malik olan 40 ölkə sırasındadır Beynəlxalq Telekommunikasiya İttifaqı ölkənin İKT sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir
İKT
5 Noyabr , 2015 10:37
ITU: Azərbaycan ərazisi 100% 3G örtüyünə malik olan 40 ölkə sırasındadır

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları və digər sahəvi proqramlara uyğun olaraq, regionlarda İKT xidmətlərinin inkişafı və əhalinin onlardan istifadə imkanlarının artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. Genişzolaqlı internet infrastrukturu, həmçinin bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərdə bildirilir.  

Məlumatda qeyd olunur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, ölkə ərazisinin 100% 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır: "Regionlarda sənaye və texnologiyalar parklarının yaradılması da bölgələrlə paytaxt arasında texnoloji imkanların bərabərləşməsinə öz töhfəsini verir. İndi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri yaşayış yerindən asılı olmayaraq bütün əhalini birləşdirən yüksəksürətli genişzolaqlı şəbəkənin qurulması və onun əsasında ucuz və keyfiyyətli xidmətlərin göstərilməsidir".

Bu məqsədlə “Milli genişzolaqlı internetin inkişafı Layihəsi" həyata keçirilir. Layihə “hər evə optika” prinsipi ilə istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s, rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində 10-30 Mbit/s sürətli internetin verilməsini nəzərdə tutur. Hazırda layihənin reallaşdırılmasına maliyyə vəsaitlərinin cəlb olunması üçün yerli və beynəlxalq maliyyə-kredit təsisatları və tanınmış istehsalçı şirkətlərlə danışıqlar aparılır. Artıq Niderlandın “Amsterdam Trade Bank”ından ilk kredit cəlb edilərək layihənin icrasına yönəldilib. Ölkədə əhali yaşayan ərazilər çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Ölkə bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və ITU-nun bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. Qarşıdakı məqsəd aidiyyəti qurumlarla birlikdə rəqəmli yayımla paralel həyata keçirilən analoq efiri dayandırmaqdır.

Dünya Bankının dəstəyi ilə “Maliyyə xidmətlərinin inkişafı Layihəsi"nin icrası nəticəsində milli poçt operatoru “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilib. Poçt-maliyyə xidmətlərinin tətbiqinin və əhalinin bu xidmətlərə çıxışının genişləndirilməsi prioritet hədəflərdəndir.

Bütün bunlarla yanaşı, regionlarda “e-Hökumət” həllərinin geniş tətbiqi və “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin təşkili, həmçinin, cəmiyyətin bütün üzvlərinin İKT savadlılığının artırılması istiqamətində tədbirlərə xüsusi önəm verilir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Bakı şəhəri və 15 bölgədə fəaliyyət göstərən “Elektron Hökumət” təlim-tədris mərkəzləri yaradılıb. Bu mərkəzlərdə dövlət qulluqçularına və digər kateqoriyadan olan istifadəçilərə İKT biliklərinin artırılması üzrə təlimlər keçirilməsi, həmçinin aztəminatlı ailələrin uşaqları üçün pulsuz kursların təşkili nəzərdə tutulur. Vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün regionlardakı 45 poçt şöbəsində elektron köşklər qurulub və bu say gündən-günə artır.

Son xəbərlər

Orphus sistemi