Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

Bakıda beynəlxalq İKT konfransı keçiriləcək Tədbir Azərbaycanda böyük həcmli verilənlərə həsr edilir
İKT
14 Mart , 2016 10:22
Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Martın 17-də Bakıda "Big Data Day Baku 2016" böyük həcmli verilənlər mövzusunda tədbir keçiriləcək. Qafqaz Universitetində keçiriləcək tədbir Azərbaycanda böyük həcmli verilənlər - BHV (Big Data) sahəsində təşkil olunacaq ikinci tədbir olacaq. Konfrans QUTexnoparkın nəzdində fəaliyyət göstərən "CeDAWI" (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi, IEEE Kompüter Cəmiyyətinin Azərbaycan şöbəsi və bir sıra tanınmış yerli və xarici şirkətlərin birgə təşkilatçılığı ilə keçiriləcək. 

Qafqaz Universitetindən "Report"a verilən məlumata görə, tədbirin əsas məqsədi cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikir mübadiləsinin aparılması, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübənin öyrənilməsi və paylaşılması, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmasının həvəsləndirilməsidir.

Konfrans verilənlər elmindəki aktual mövzular, böyük həcmli verilənlərin gətirdiyi böyük imkanlar və çətinliklər – böyük həcmli verilənlərdən istifadə halları, çoxsahəli sənayedə böyük həcmli verilənlərin təsiri, Təbii Dil Texnologiyaları – NLP və Kompüter Linqvistikası, böyük həcmli verilənlər üçün açıq qaynaqlı platformalar, açıq verilənlərə təşəbbüs mövzularını əhatə edəcək.

Tədbirin hədəf auditoriyasi çoxsahəli biznes və təşkilatlar (maliyyə, bank, enerji, pərakəndə, telekommunikasiya, marketinq, dövlət, kiber-təhlükəsizlik, səhiyyə), sahibkarlar, İT mütəxəssislər, tələbələr, alimlər, tədqiqatçılar və dövlət nümayəndələrini əhatə edir.

Tədbirin vebsaytı http://cedawi.org/BDDB2016-dır.

Son xəbərlər

Orphus sistemi