​Bakıda Beynəlxalq Elektrotexnika Komitəsinin seminarı keçirilir

​Bakıda Beynəlxalq Elektrotexnika Komitəsinin seminarı keçirilir Namiq Tağıyev: "Beynəlxalq təcrübə və standartların Azərbaycanda tətbiqi əsasında texniki-normativ bazanı inkişaf etdirmək lazımdır"
İKT
20 Aprel , 2016 13:35
​Bakıda Beynəlxalq Elektrotexnika Komitəsinin seminarı keçirilir

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Beynəlxalq Elektrotexnika Komitəsinin (IEC) təşkilatçılığı ilə "Elektrotexniki avadanlıqlar və komponentlərin sertifikatlaşdırılması və sınaqların aparılmasında IEC sisteminin rolu" mövzusunda iki günlük beynəlxalq seminar işə başlayıb.

“Report” xəbər verir ki, seminarda çıxış edən Komitənin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsində sənayenin rolu, ixrac qabiliyyətli məhsulların istehsalında keyfiyyət infrastrukturunun inkişafı, beynəlxalq standartların tətbiqi istiqamətində bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması xüsusi önəm daşıyır. 

"Dövlət başçısının Azərbaycan iqtisadiyyatının yeni mərhələyə keçməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən, hazırda ölkədə müəssisələr arasında rəqabətliliyin artırılması, istehsal edilən məhsulların beynəlxalq bazarlara çıxışının təmin edilməsi kimi məsələlər Komitənin diqqət mərkəzindədir. Bu səbəbdən hazırda Komitənin gündəmində olan məsələ biznes sahəsində fəaliyyət göstərən müəssisələrin dünya bazarı üçün rəqabətə davamlı məhsulları istehsal etməsinin təşkilidir. Bu işləri həyata keçirmək üçün hansı mərhələlərdən keçmək lazımdır? Əvvəlcə beynəlxalq təcrübə və standartların Azərbaycanda tətbiqi əsasında texniki-normativ bazanı inkişaf etdirmək lazımdır. Komitə ISO və IEC kimi beynəlxalq standartlaşdırma təşkilatları ilə əməkdaşlıq edir. Bu sahə üzrə dünyada qəbul edilən təcrübə və tələblər beynəlxalq sənədlərdə əksini tapıb. Əməkdaşlıq etdiyimiz təkcə IEC tərkibində dünya miqyasında energetika sahəsində fəaliyyət göstərən 96% müəssisə və təşkilatları cəmləyib. Komitə Azərbaycana beynəlxalq sənədlərə əsasən nəzərdə tutulan standartların gətirilməsi, biznesə təklif edilməsi ilə bağlı müvafiq işləri həyata keçirir. Bu tədbirlərin ikinci mərhələsi isə beynəlxalq sənədlər əsasında məhsulların istehsalı, dünya bazarına çıxarılması üçün sertifikatlaşdırmanın təqbiqindən ibarətdir. Bununla bağlı biznes sahəsində fəaliyyət göstərən müəssisələrə treninqlərin keçirilməsi planlaşdırılır. Bu səbəbdən də bu seminara nəinki bizim, eyni zamanda MDB ölkələrinin mütəxəssisləri dəvət edilib ki, öz təcrübələrini bölüşsünlər", - deyə Komitə rəsmisi qeyd edib.

IEC rəsmisi Tomas Robertson isə çıxışında Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, beynəlxalq müstəvidə Azərbaycan fəal tərəfdaş kimi IEC və digər beynəlxalq standartları tətbiq etməklə ölkənin ixracyönümlü siyasət yürütmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazara çıxmaqda maraqlı olduğunu ortaya qoyur. T.Robertson qısa müddətdə 50-dək IEC standartının Azərbaycanda milli standart kimi qəbul edilməsini qeyri-neft sektoruna göstərilən dövlət dəstəyinin təzahürü olduğunu qeyd edib: "Hazırda Azərbaycanda tətbiq edilən 46 IEC standartı əsasən elektrik kabellərinin keyfiyyəti, elektrik izolyasiya, fasiləsiz elektrik enerjisi təchizatı sistemi, güc transformatorlarına olan tələbləri əhatə edir. Bu standartları yerli müəssisələrdə tətbiq etməklə məhsulların xarici bazara çıxışı imkanları artıb".

Məlumat üçün qeyd edək ki, Azərbaycan 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), 2009-cu ildən Kodeks Alimentarius Komissiyasının, 2011-ci ildən Avropa Standartlaşdırma Komitəsinin, 2012-ci ildən Laboratoriya Akkreditasiya üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC), 2015-ci ildən Ölçülər və Çəkilər üzrə Baş Konfransın üzvüdür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə 2011-ci ildən IEC-nin "İnkişaf etməkdə olan ölkələr üzrə müxbir proqramı"nda iştirak edir.

Son xəbərlər

Orphus sistemi