Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir Beynəlxalq konfrans “NA61/SHİNE” təcrübəsinə, eləcə də “NA49” təcrübəsində toplanmış məlumatların analizinə həsr edilib
İKT
2 May , 2016 17:50
Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir

Bakı. 2 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə CERN təcrübəsinə dair toplantı keçirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, beş gün davam edəcək NA61/SHINE və NA49 təcrübələrinin kolaborasiya toplantısında CERN üzvləri, o cümlədən Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Fransa, İsveçrə, Polşa və digər Avropa ölkələrinin alimləri iştirak edirlər.

Beynəlxalq konfrans CERN-də fəaliyyət göstərən “NA61/SHİNE” təcrübəsinə, eləcə də “NA49” təcrübəsində toplanmış məlumatların analizinə həsr edilib.

Konfransın gedişatında aparılan təcrübələr haqqında geniş məlumat veriləcək, son elmi nəticələr müzakirə ediləcək.

Bu istiqamətdə aparılan müzakirələrdən sonra gələcək elmi nəticələrin nəşr olunması ilə bağlı qərarlar qəbul ediləcək.

Tədbirin ilk günü iştirakçılara Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadəsi üçün RYTN-in tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri, perspektiv planları haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yeni yaranmasına baxmayaraq, bu sahədə əvvəlki illərdə kifayət qədər təcrübə qazanmış Azərbaycan hazırda CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi