Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" MMC-yə yeni baş icraçı direktor təyin edilib. “Report” xəbər verir ki, yeni rəhbər Nikolay Bekers bu gün keçirilən konfransda jurnalistlərə təqdim edilib.
Məlumata görə, N.Bekersin maliyyə və telekommunikasiya sektorunda 20 illik iş təcrübəsi var. Səlahiyyətlərinin icrasına mayın əvvəlindən başlayan yeni direktor 2013-cü ilin aprelindən "Telecom Romania Communications S.A"nın rəhbəri olub.
“Bakcell”in planları haqqında danışan yeni rəhbər başçılıq etdiyi şirkətin LTE texnologiyasından istifadəyə keçməkdə maraqlı olduğunu vurğulayıb: “Azərbaycan neftdən asılı dövlətdir və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və valyuta ilə bağlı yaranan çətinliklər bizim müştərilərimizin bir sıra xidmətlərə olan tələbinin azalmasına səbəb olub. LTE texnologiyası sahəsində "Bakcell" işləri sürtlə davam etdirəcək. Amma nəzərə almaq lazımdır ki, LTE üzrə avadanlıqlar bahalıdır və “Bakcell” yatıdırdığı investisiyalardan gəlir götürmək niyyətindədir”.
Xatırladaq ki, “Bakcell”in bundan öncəki baş icraçı direktoru Riçard Şirer olub. O, bu vəzifəni 2011-ci aprelin 1-dən icra edib.