​“Azercell” “Onlayn Müştəri Xidmətləri” portalında yeniliklər edib

​“Azercell” “Onlayn Müştəri Xidmətləri” portalında yeniliklər edib “Onlayn müştəri xidmətləri” bütün kateqoriyaya aid abunəçilər üçün tətbiq olunur
İKT
14 İyul , 2016 12:18
​“Azercell” “Onlayn Müştəri Xidmətləri” portalında yeniliklər edib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın lider mobil operatoru “Azercell Telecom” “Onlayn Müştəri Xidmətləri” portalında istifadəçilər üçün bir sıra yeniliklər edib.

Şirkətdən “Report”a bildirilib ki, daha müasir dizaynda abunəçilərə təqdim edilən “Onlayn Müştəri Xidmətləri” portalında indi qeydiyyat forması daha da sadələşdirilib. “Azercell” müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir. Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər.

Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər. Bununla belə, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilərlər.

Qeyd edək ki, bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominq zamanı beynəlxalq zənglərə pul xərcləmədən “Azercell” ilə əlaqə yaradıb, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldə bilərlər. “Onlayn müştəri xidmətləri” bütün kateqoriyaya aid abunəçilər (Fakturalı Xətt, Fakturasız Xətt (SimSim) və Korporativ) üçün tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi