"Azercell" prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

"Azercell" prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb Proqrama qatılmaq üçün ümumilikdə 1 200-dən çox tələbə müraciət edib
İKT
13 Yanvar , 2016 17:54
Azercell prezidenti Tələbə Təqaüdü Proqramının qalibləri ilə görüşüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən “Azercell Telecom” şirkətinin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib. “Report” şirkətə istinadən xəbər verir ki, yanvarın 12-də “Azercell” prezidenti Vahid Mursəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. 

V.Mursəliyev bildirib ki, Bakı və rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkənin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1 200-dən çox tələbə müraciət edib: “Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan 24 tələbə ali təhsil müddətinin sonunadək şirkət tərəfindən hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və regionlarda fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Eyni zamanda Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran dövlət universitetlərinin tələbələri də “Azercell”in fəxri təqaüdçüləri adına layiq görülüblər”.

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr “Azercell”də rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər.

Bununla yanaşı, təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər.

Son xəbərlər

Orphus sistemi