Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Aİ səfiri ilə görüşüb

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Aİ səfiri ilə görüşüb Tərəflər İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər
İKT
22 İyun , 2015 16:27
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Aİ səfiri ilə görüşüb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumata görə, görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, İKT sahəsində birgə layihələrin icrası ehtimalları, Aİ-nın ən yaxşı təcrübə və standartlarının Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

Nazirlikdən isə “Report”a bildirilib ki, görüşdə bu ilin dekabrın 2-5-də Bakıda keçiriləcək “Bakutel-2015” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Aİ ilə birlikdə “Rəqəmli vahid bazar” mövzusunda təşkil olunacaq konfransın təfərrüatı ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanda son illər İKT sahəsində əldə olunan nailiyyətləri izlədiyini deyən M.Mard uğurların Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına üzv (Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistan) ölkələr üçün yaxşı təcrübə ola biləcəyini bildirib. Səfir qeyd edib ki, bu istiqamətdə irəli sürülən təşəbbüslər qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsində faydalı, eyni zamanda vacibdir. Diplomat, həmçinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində iyunun əvvəlində Lüksemburq şəhərində baş tutmuş “Rəqəmsal iqtisadiyyat mövzusunda Şərq Tərəfdaşlığı ölkələri üzrə nazirlərin I görüşü”nü xatırladaraq, bu görüşdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı “Bakutel-2015” çərçivəsində işçi qrupları tərəfindən müzakirələrin aparılmasının mümkünlüyünü diqqətə çatdırıb. Xanım Mard Aİ-nin Brüsseldə yerləşən baş qərargahında keçirilən müzakirələrdən sonra sözügedən konfransın təşkili ilə bağlı son qərarları RYTN-in nəzərinə çatdıracağını da söyləyib.

Qeyd edək ki, bu il üçün “Bakutel-2015” sərgisinin strateji tərəfdaşı kimi ABŞ-ın “Google” şirkəti seçilib.

Son xəbərlər

Orphus sistemi