​Əli Abbasov: Azərbaycanın rabitə sektorunda gəlirləri 12 faiz artıb

​Əli Abbasov: Azərbaycanın rabitə sektorunda gəlirləri 12 faiz artıb Bu, müvafiq ümumdünya orta göstəricisindən 1,5 dəfə yüksəkdir
İKT
14 İyul , 2015 00:03
​Əli Abbasov: Azərbaycanın rabitə sektorunda gəlirləri 12 faiz artıb

Bakı. 14 İyul. REPORT.AZ/ "Ölkədə sosial-iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb. Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir".

"Report" xəbər verir ki, bunu iyulun 13-də Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 6 faiz artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.

"Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkə ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Hesabat dövründə stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə Azərbaycan kəndlərinin 80 faizi müasir standartlara cavab verən, həmçinin genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub.

Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər", - deyə nazir bildirib.

Ə.Abbasov qeyd edib ki, radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni – rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub.

"İndi biz Milli Televiziya və Radio Şurası ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərindən və internet radio və televiziyalar vasitəsilə əhalinin təkcə Azərbaycanın yox, həmçinin yüzlərlə xarici ölkənin teleproqramlarına çıxışı təmin olunub", - deyə nazir diqqət yetirib.

Rabitə nazirinin sözlərinə görə, ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. Nazir bildirib ki, indi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları müvafiq təşkilatlara çatdırır.

Son xəbərlər

Orphus sistemi