Azərbaycanda piratçılığın səviyyəsi 2% düşüb

Azərbaycanda piratçılığın səviyyəsi 2% düşüb Rüfət Hacıəlibəyov: "Azərbaycanda "Microsoft" məhsulları içində ən çox tələbat əməliyyat sisteminədir"
İKT
12 Mart , 2015 15:42
Azərbaycanda piratçılığın səviyyəsi 2% düşüb

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün “Microsoft Azerbaijan” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ənənəvi “Microsoft” İnnovasiya Gününü (“Microsoft Innovation Day”) keçirib. “Report” xəbər verir ki, şirkətin builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunub.

“Microsoft Azerbaijan”ın təhsil proqramları üzrə meneceri Emin Axundov tədbirin məqsədinin innovasiya mühiti və innovasiya mədəniyyətini formalaşdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda "start-up"lar aktivləşib, maraqlı layihələr var, ənənəvi məhsullar artıq o qədər də gəlir gətirmir. “Budəfəki tədbirdə bizim İT tendensiyaları haqqında danışan tərəfdaşlarımız iştirak edir, "Bigdata", "İnternet of things", mobil qurğular, xüsusi qonağımız isə avtomobil sənayesində önəmli innovasiyalara sahib olan “Tesla motors" şirkətidir”. 

Qeyd edək ki, həmin avtomobil artıq Azərbaycana gətirilib. “Tesla” modellərində avtomobilin "Microsoft"un “bulud” sistemindən istifadə ediləcək. Məsələn, istifadəçilər bu "bulud" vasitəsilə xəritəyə qoşula bilər, həmçinin maşını işə salma prosesi də telefon vasitəsilə həyata keçiriləcək. E.Axundov bildirib ki, innovasiyaların əksəriyyəti ənənəvi məhsullar vasitəsilə yenilərini yaratmaq məqsədi daşıyır.

“Microsoft Azerbaijan” şirkətinin meneceri Rüfət Hacıəlibəyov builki tədbirin məqsədinin istifadəçiləri İT sənayesindəki əsas innovasiyalar və "Microsoft" texnologiyaları ilə tanış etmək olduğunu bildirib.

Azərbaycanda piratçılığın səviyyəsindən danışan R.Hacıəlibəyov "Microsoft"un beynəlxalq şirkət olan BSA şirkətinin hesabatına istinad etdiyini bildirib. Həmin statistikaya əsasən, son iki ildə piratçılığın səviyyəsi 2% düşüb. "Microsoft" nümayəndəsi bunun MDB ölkələri arasında yaxşı göstərici olduğunu bildirib.

R.Hacıəlibəyov "Microsoft"un növbəti kontraktlarının özəl və dövlət sektorundakı qurumlarla olacağını bildirərək, dövlət sektorunda əsas tərəfdaşın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda "Microsoft" məhsulları içində ən çox tələbat onun əməliyyat sisteminədir.

Son xəbərlər

Orphus sistemi