Bakı. 11 sentyabr. REPORT.AZ/ "Elektron Hökumət" portalına müraciət edənlərin ümumi sayı 2,4 mln. nəfər olub. Belə ki, 2 mln. 432,6 min nəfər ümumən 8 mln. 831 min dəfə portala baxıb və 15,4 mln. dəfə elektron xidmətlərə müraciət edib. Həmin şəxslər 30,3 mln. dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 21 saniyə olub.
"Report"un verdiyi xəbərə görə, Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdənov məlumat verib. Bu müddətdə portala müraciət edənlərin 27,6%-ni yeni istifadəçilər, 72,4%-ni təkrar müraciət edənlər təşkil edib. Avqust ayının statistikasına əsasən, bu dövrdə portala 625,7 min daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 212,3 min nəfər olub. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub.
O qeyd edib ki, bu ayın sonunadək portalın yeni mobil əlavəsi istifadəyə veriləcək və "Appstore"da yerləşdiriləcək.
Cari ilin sentyabrın 1-nə cəmi 35 915 ədəd elektron imza vəsiqəsi verilib. Bunun da 21 795 ədədi dövlət qurumlarına, 6 385 ədədi hüquqi şəxslərə, 7 735 ədədi (sertifikat) vətəndaşlara verilib.
N.Vəliyev bildirib ki, Mərkəzi Bankla sıx əməkdaşlıq olunur. Onun sözlərinə görə, Mərkəzi Kredit Reyestri ilə danışıqlar aparılır. Gələcəkdə kredit alanların elektron arayış almaları ilə bağlı razılıq əldə olunub. Növbəti aylarda bu xidmət vətəndaşların istifadəsinə veriləcək.
Həmçinin qeyd olunub ki, Hökumət Ödəniş Portalı "Elektron Hökumət" portalına inteqrasiya olunub.