​Azərbaycan İKT şirkətləri Sinqapurda tenderə qatılıb

​Azərbaycan İKT şirkətləri Sinqapurda tenderə qatılıb Şirkətlərimiz “Asan İmza” mobil elektron imza texnologiyasına əsaslanan təkliflə çıxış edirlər
İKT
24 May , 2016 20:40
​Azərbaycan İKT şirkətləri Sinqapurda tenderə qatılıb

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın İKT şirkətləri olan “B.EST Solutions” və “Cybernet” İngiltərə və Latın Amerikasını təmsil edən digər iki şirkətin də daxil olduğu beynəlxalq konsorsium çərçivəsində Sinqapurda mobil identitet və elektron imza texnologiyasının yaradılması, tətbiqi üzrə tenderdə iştirak edir. 

“B.EST Solutions” şirkətindən “Report”a verilən xəbərə görə, Azərbaycan tərəfi sözügedən tenderdə özünün “Asan İmza” mobil elektron imza texnologiyasına əsaslanan təklifi ilə çıxış edir. “Asan İmza” texnologiyası mobil autentifikasiya və imzalama sahəsində hazırda dünyada mövcud olan ən qabaqcıl və təhlükəsiz həldir. Bu xidmətin mövcud olduğu iki il ərzində ölkədə 200 mindən artıq mobil identifikasiya sertifikatı verilib və mobil imza vasitəsilə onlayn mühitdə 15 mln.-dək əməliyyat icra edilib. “Asan İmza” istifadəçiləri ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərdən yararlana bilər.

Sinqapurun İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Agentliyinin elan etdiyi tenderin tələblərinə əsasən, iştirakçılar açıq açar infrastrukturuna (PKI) əsaslanan rəqəmsal identitet və autentifikasiya sisteminin yaradılmasına dair təkliflərlə müsabiqəyə qatıla bilər.

Qeyd etmək lazımdır ki, Sinqapur hökuməti əhali arasında mobil identifikasiya alətinin geniş vüsət alacağına ümid edir. Belə ki, bu ölkə mobil rabitənin cəmiyyətdə nüfuzu göstəricisinə görə (150%) dünya üzrə qabaqcıl yerlərdən birini tutur.

Son xəbərlər

Orphus sistemi